Məhkəmə qərarları › İş №3(125)-2908/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2908/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2908/2024 12.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 2024-cü ilin iyun ayında X1 məxsus olan Gəncə şəhəri, ünvan 2 ünvanından 30 manat dəyərində 1 ədəd manqal və 60 manat dəyərində 1 ədəd stolu oğurlayaraq, ümumilikdə 90 manat məbləğində ziyan vurmaqla, xırda talama əməlini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3 çıxış edərək bildirdi ki, Şəxs 2024-cü ilin iyun ayında X1 məxsus olan Gəncə şəhəri, ünvan 2 ünvanından 30 manat dəyərində 1 ədəd manqal və 60 manat dəyərində 1 ədəd stolu oğurlayaraq, ümumilikdə 90 manat məbləğində ziyan vurmaqla, xırda talama əməlini törətmiş və əməlində cinayət tərkibi olmadığından tərtib edilmiş material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətanı törətməsini səmimi etiraf edərək, bildirdi ki, onun barəsində tərtib edilmiş protokolda göstərilən əməli o, təsərrüfatla məşğul olaraq qazanc əldə etmək üçün törətmişdir. Törətdiyi əmələ görə çox peşmandır və hazırda oğurladığı əşyaları qaytarmışdır. Amma zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 11:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsulyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, hazırkı işin hallarını, həmçinin ilk dəfə xırda talama törətməsini nəzərə alaraq ona ictimai işlər növündə inzibati tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nın 28.3-1-ci maddəsinin tələbinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bаrəsində 160 (yüz altmış) saat müddətinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərаrın icrаsı yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar