Məhkəmə qərarları › İş №3(125)-291/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-291/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-291/2025 10.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00900-00597/24 saylı protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan "SARA LİZİNQ” MMC-nin ünvanına göndərilmiş “quşçuluq avadanlığının hissələri” yükləri “Yevlax” gömrük postunda xx.xx.2024-cü il tarixdə **********8127 sorğu nömrəli gömrük bəyannəməsi ilə qeydiyyata alınaraq müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs MMC yükləri müvafiq gömrük proseduru altında rəsmiləşdirmək üçün müraciət etməmiş və bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və Şəxs MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə2008-ci il 14 fevral tarixli vəSutyajnik Rusiyaya qarşı iş üzrə2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati icraat aparılan "xxxx" MMC Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. İnzibati xəta haqqında işin baxılması yerindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati Xətalar Məcəlləsin 496.1-ci maddəsində qeyd olunmuşdur ki, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, xüsusi gömrük proseduru çərçivəsində gömrük orqanına təqdim edilən sənədlər və ya ödənilməli olan gömrük ödənişləri müvafiq zaman ərzində həyata keçirilməlidir. Əks təqdirdə, hərəkət və ya hərəkətsizliklə törədilən əməllər İnzibati Xətalar Məcəlləsiilə inzibati məsuliyyətin yaranmasının əsasını təşkil edir. İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Qərarda daha sonra yekun olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi hərəkətsizlikdə ifadə olunduğundan və hüquqi şəxs öz fəaliyyətini yerləşdiyi ünvanda həyata keçirdiyindən İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hüquqi şəxsin qeydə alındığı hüquqi ünvanında törədilmiş sayılır. Ona görə də inzibati materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.7-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar