Məhkəmə qərarları › İş №3(125)-2911/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2911/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2911/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Bursa küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4928,5 (dörd min doqquz yüz iyirmi səkkiz manat əlli qəpik) manat əsas borc, 171 (bir yüz yetmiş bir) manat cərimə olmaqla, cəmi 5099,5(beş min doxsan doqquz manat əlli qəpik) manat məbləğində borc və 70(yetmiş) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5085/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 471 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ABC Telekom MMC-nin xeyrinə, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7620 manat məbləğində pul vəsaiti, 110 manat mediasiya xərci və 96.2 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq o icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borclarından ödəniş edir. Tələbin könüllü icrası barədə bildiriş ona bugün təqdim edilmişdir. 10 günlük könüllü icra müddəti vardır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4928,5 (dörd min doqquz yüz iyirmi səkkiz manat əlli qəpik) manat əsas borc, 171 (bir yüz yetmiş bir) manat cərimə olmaqla, cəmi 5099,5(beş min doxsan doqquz manat əlli qəpik) manat məbləğində borc və 70(yetmiş) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməlidir İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-5085/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 471 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ABC Telekom MMC-nin xeyrinə ödənməlidir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7620 manat məbləğində pul vəsaiti, 110 manat mediasiya xərci və 96.2 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5085/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 1388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5085/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişlərdən görünür ki, həmin bildirişlər borclu tərəfindən xx.xx.2024-cü il tarixdə imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, icra sənədləri üzrə tələbin könüllü icrası haqqında bildiriş borcluya icra məmurunun və özünün dediyinə görə xx.xx.2024-cü ildə tarixdə yəni məhkəmə iclasının keçirildiyi gün rəsmi qaydada təqdim edilmişdir. Həmin tarixdən etibarən borclununun icra sənədini icra etməsi üçün könülü icra müddəti bitməmişdir. Bu hal özülyündə Şəxs məhkəmə qərarının icrasını üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin icra məmuru borclunun tələbin yönəldilə biləcəyi başqa daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, icra sənədləri üzrə sənədin könüllü icra müddəti bitməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar