Məhkəmə qərarları › İş №3(125)-2932/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2932/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2932/2023 02.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri BPİnin 2-ci Polis şöbəsinin polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 3-cü küçədə ünvansız fərdi yaşayış evində həyat yoldaşı ilə aralarında münaqişə olmuş, həyat yoldaşı X2 102 xidmətinə müraciət etmiş, 2-ci PŞ-nin əməkdaşları hadisə yerinə getmiş, daha sonra Şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirmişlər, haqqında xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə işdən sonra, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 3-cü küçədə yerləşən evinə gəlmiş, həyat yoldaşından nə bişirdiyini soruşanda yoldaşı ona nalayiq söyüşlər işlətmiş, eyni zamanda zor tətbiq etmişdir. O, həmçinin bildirmişdir ki, polis işçiləri onu bölməyə gətirən zaman heç bir tabesizlik göstərməmişdir. Sonda o, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti orta dərəcəli alkoqol sərxoşluğudur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Beləki, işin faktiki hallarından və Şəxs məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. O, sadəcə olaraq polis əməkdaşlarından onu nə üçün şöbəyə apardıqlarını soruşmuş və əsəbi halda heç bir günahının olmadını bildirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin sahə rəisi polis mayoru X1 Aqil Qələndər oğlunun təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşının raportuna istinad etmişdir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh olunaraq məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və himayəsində 3 uşağın olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, himayəsində 3 uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə aşağı həddə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən himayəsində olan 3 uşağın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsi tətbiq edilməklə həmin məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 02 noyabr 2023 cü il tarixli, MN1885895 saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Quliyev X4 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 manat miqdarinda cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar