Məhkəmə qərarları › İş №3(125)-2933/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2933/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2933/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, fərdi əməklə məşğul olan, Samux rayonu, İnstitut qəsəbə ərazi dairəsi, İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Şahsevənlər küçəsi 103-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:20-də Şəxs idarə etdiyi “VAZ 21154” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində əks istiqamətdə dayandığı və avtomobilin konstruksiyasında virtual görünüşü cəlb etdiyi üçün sürücüdən sənədlərini istəyən zaman avtomobilə aid heç bir sənədinin olmaması aşkarlanmışdır, eyni zamanda avtomobilin DYP-nin həyətində olan müvəqqəti duracağa yerləşdirilməsi izah edilən zaman Şəxs ucadan səs-küy salıb ictimai qaydanı pozmuş və ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs yol polisi əməkdaşlarına qarşı tabesizlik etmiş, ictimai qayda pozuntusuna yol vermiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə yol polisi əməkdaşlarına qarşı tabesizlik etmiş, ictimai qayda pozuntusuna yol vermişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallara cavab olaraq sahə rəisi bildirmişdir ki, Şəxs etdiyi bu hərəkətindən peşmandır, buna görə də, protokolun təmin olunmasını, lakin yüngül təbeh edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində “Vaz 21154” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq avtomobildə konstruksiya dəyişikliyinin olduğunu bildirmişlər, bu zaman onlara avtomobilin arxasında yükün olduğunu, avtomobildə heç bir konstruksiya dəyişikliyi etmədiyini bildirmişdir. Daha sonra, polis əməkdaşları ona avtomobilin BDYP-nin müvəqqəti dayanacağına yerləşdirilməli olduğunu izah etmişlər. O isə DİN-in 102 Qaynar xəttinə zəng edərək hadisə yerinə Post-patrul xidmətinin göndərilməsini xahiş etmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır, bir daha belə hallara yol verməyəcək. Ailə vəziyyətini, yaşını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin X6 əməkdaşıinspektor polis serjantı X2 göstərdi ki, avtomobilin virtual cəhətdən görünüşü cəlb etdiyinə görə avtomobilə yaxınlaşmışlar, avtomobilin yüklü olduğu məlum olmuşdur, sürücü yükü boşaltdıqdan sonra görmüşlər ki, avtomobildə konstruksiya dəyişikliyi yoxdur. Lakin buna baxmayaraq, sürücünün sürücülük vəsiqəsi və ya avtomobili idarə etməyə səlahiyyəti olduğunu təsdiq edən etibarnaməsi avtomobildə aşkarlanmamışdır. Həmçinin, avtomobilin cərimə üzrə həbsinin olduğu müəyyən olunmuşdur. Sürücüyə avtomobilin DYPŞ-nin müvəqqəti dayanacağına yerləşdirilməli olduğu izah edilən zaman o, polis əməkdaşlarına tabesizlik göstərərək, DİN-in 102 Qaynar xəttinə zəng edərək səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin X6 əməkdaşıinspektor polis baş serjantı X3 digər şahid X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilsə də onun hərəkətlərində həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan, Gəncə şəhər BPİ-nin X6 əməkdaşı-inspektor X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 23:20 radələrində Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində “VAZ – 21154” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətdə dayandığı və konstruksiyasında virtual görünüşdə cəlb edilən dərəcədə olduğu üçün həmin avtomobilə yaxınlaşmışlar. Həmin avtomobilin sürücüsü sonradan polis əməkdaşlarına yaxınlaşaraq avtomobilin yanacağı qurtardığı üçün burada saxladığını və yanacaq alıb gələcəyini bildirmişdir. Yoxlama zamanı sürücünün avtomobilin baqaj hissəsində yükü olduğu məlum olmuşdur. Lakin adı sonradan ona məlum olan sürücü Şəxs idarə etdiyi avtomobilə aid heç bir sənəd aşkarlanmamış və avtomobilin üzərində cərimə üzrə həbsinin olduğu müəyyən olunmuşdur. Sürücüyə avtomobilin BDYPİ-nin müvəqqəti duracağına yerləşdirilməli olduğunu bildirdikdə sürücü avtomobilin heç bir yerə getməyəcəyini və polisə tabe olmayacağını bildirmişdir. Buna görə də, həmin sürücünü patrul avtomobili ilə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə təhvil vermişlər. İş materiallarında olan, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, avtomobildə heç bir konstruksiya dəyişikliyinin olmadığı aşkar edildikdən sonra polis əməkdaşlarının yenə də ona avtomobilin BDYP-nin müvəqqəti dayanacağına yerləşdirilməli olduğunu bildirməsinə görə o, özü DİN-in 102 Qaynar xəttinə zəng edərək hadisə yerinə Post-patrul xidmətinin göndərilməsini xahiş etmiş, sonradan polisə hər hansı müqavimət göstərmədən onlarla Polis Şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları da izahatlarında Şəxs konkret olaraq ictimai qaydanı hansı formada pozmasını göstərə bilməmişlər. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin təqsirliliyini sübuta yetirməyin səlahiyyətli orqanın üzərinə düşdüyünü nəzərə alan məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt Şəxs ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şəxs ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla belə, Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, həmin vaxt Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı özünün izahatı, şahidlərin ifadəsi və digər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal (məhkəmə iclas zalında) azad edilsin. Cərimə tənbehi tətbiqi hissəsində qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar