Məhkəmə qərarları › İş №3(125)-2934/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2934/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2934/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Samux rayonu Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu, Əhmədbəyli ərazi dairəsi, Əhmədbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs YPX-nin əməkdaşları tərəfindən saxlanılan zaman polisin qanuni tələbinə tabe olmamışdır. Bu zaman polis əməkdaşı onu nizam-intizama dəvət etsə də, o, polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, öz əməllərini davam etdirmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs yol polisi əməkdaşlarına qarşı tabesizlik etmiş, ictimai qayda pozuntusuna yol vermişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallara cavab olaraq sahə rəisi bildirmişdir ki, Şəxs etdiyi bu hərəkətindən peşmandır, buna görə də, protokolun təmin olunmasını, lakin yüngül təbeh edilməsinə etiraz etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, DYP-nin əməkdaşları avtomobilində konstruksiya dəyişikliyi olduğunu bildirib onu DİN-in Post-patrul xidmətinə aparmışlar. Heç bir nalayiq ifadədən istifadə etməmiş, sadəcə ollaraq DYP-nin əməkdaşlarına avtomobilin şəxsi mülkiyyəti olduğunu bildirərək onu yandıracağını demişdir. Duracaqda olan avtomobilindən vəsiqəsini götürməyə gedərkən DYP-nin əməkdaşları qışqıra-qışqıra şalvarının toqqasından tutub onu şöbəyə aparmışlar. Müharibə iştirakçısıdır, hesab edir ki, polisin qanuni tələblərinə riayət edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin X8 əməkdaşıinspektor polis baş serjantı X5 bildirdi ki, yüksək musiqi ilə avtomobil idarə edən Şəxs DYP-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə riayət etməmiş, “maşını bu dəqiqə aşırdacam” ifadələrini işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin X8 əməkdaşıinspektor polis serjantı X4 bildirdi ki, Şəxs ucadan səs-küy salaraq mübahisə yaradırdı, onu dəfələrlə sakitləşdirməyə çalışsalar da, avtomobili yandıracağını bildirdiyi üçün məcbur olub DİN-in Post-patrul xidmətini hadisə yerinə çağırmışlar. Şəxs onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan, Gəncə şəhər BPİ-nin X8 əməkdaşı-inspektor polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:35 radələrində Heydər Əliyev parkında “Qaz 2410” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil konstruksiya dəyişikliyi olduğu üçün saxlanmış, yoxlama zamanı sonradan adı ona məlum olan sürücü Şəxs qanunvericiliyi izah edərək nəqliyyat vasitəsinin duracağa yerləşdirilməli olduğu bildirilmişdir. Yolda Şəxs, X2 xahiş etmişdir ki, onun telefonu vasitəsilə Elvin adlı şəxslə danışsın. Həmin şəxs ona bildirmişdir ki, “Rəşada deyəcəm, maşını aşırtsın”. Polis əməkdaşı isə həmin şəxsə izah etmişdir ki, hədə-qorxu gəlməsin. Həmin gün saat 23:30 radələrində Gəncə Şəhər DYPŞ-nin inzibati binasında olan cərimə meydançasına gələn zaman Rəşad və Elvin adlı şəxs patrul avtomobilinin yanında duraraq digər YPX əməkdaşlarının yanında avtomobilin dayanacaqdan buraxılmasını tələb edərək, duracaqda avtomobili yandıracağını bildirmişdi. Polis əməkdaşı onları nizam-intizama dəvət etsə də, lakin onlar polisin qanuni tələbinə riayət etməmişdir. PPX-nin köməkliyi ilə həmin şəxslərin Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gəlməsini təmin etmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar isə məhkəmə iclasında müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal (məhkəmə iclas zalında) azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar