Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2935/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (ünvan: AZ2000, Gəncə şəhəri, Nizami prospekti, ev 561; VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 31 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, "xxxx" MMC 25233.00 ABŞ dolları məbləğində vəsaiti 24 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25233.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Gəncə şəhərində, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin "xxxx" MMC ilə Türkiyə Respublikasının RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti arasında 13 may 2022-ci il tarixli 2022/06 nömrəli müqavilə üzrə 25233.00 ABŞ dolları dəyərində və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilə üzrə 980.00 ABŞ dolları dəyərində cəmi 26213.00 ABŞ dolları məbləğində alqısatqı müqaviləsi bağlanmışdır. "xxxx" MMC ilə RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/06 nömrəli və xx.xx.2022-ci i! tarixli 2022/07 nömrəli müqavilələrin şərtlərində göstərilmiş ödəniləcək ümumi 26213.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətin (bank account: T.C. ZİRAAT BANKASİ A.Ş. SWİFT KODU: (BİC) TCZBTR2AXXX İBAN: TR45 0001 0019 8892 3815 1950 02) bank hesabına köçürülməklə birdəfəlik tam ödənilmişdir. Bununla da "xxxx" MMC tərəfindən hər iki müqavilədə göstərilmiş öhdəlik tam yerinə yetirilmişdir. Lakin buna baxmayaraq bu günə kimi RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti tərəfindən qeyd olunan alqı-satqı müqavilələrində göstərilmiş öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti müqavilədə göstərilmiş öhdəliyi yerinə yetirməməsinə görə "xxxx" MMC xx.xx.2023-cü il tarixli 100/01-09 nömrəli pritenziya məktubu yazıb xəbərdarlıq edərək satıcı şirkətin nəzərinə çatdırılmışdır ki, əgər 13 may 2022-ci il tarixli 2022/06 nömrəli və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilələrdə göstərilmiş öhdəlikləri xx.xx.2023-cü il tarixinə kimi yerinə yetirmədiyi halda həmin müqavilələrdə göstərilmiş və "xxxx" MMC tərəfindən RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətinin hesabına köçürülmüş cəmi 26213.00 ABŞ dolları məbləğində vəsaiti, həmin vəsaitin 5%-dək dəbbə pulunu, həmçinin öhdəliyin yerinə yetirilməməsi səbəbindən "xxxx" MMC-yə dəymiş maddi zərəri, yəni əldən çıxmış fayda ilə birlikdə almaq üçün mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə məsuliyyətinə veriləcəkdir. xx.xx.2023-cü il tarixdə RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti pritenziya məktubuna cavab olaraq satıcı şirkət məktub göndərərək bildirmişdir ki, 13 may 2022-ci il tarixli 2022/06 nömrəli və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilələrin şərtlərini ən geci xx.xx.2023-cü il tarixinə kimi yerinə yetirəcəkdir. Lakin buna baxmayaraq RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti yenidən öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Bundan sonra RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətin müdiri Ruslan Hasanovla mobil telefonla əlaqə yaradılaraq yenidən müqavilələrdə göstərilmiş öhdəliklərin yerinə yetirilməsi barədə təkrar şifahi formada xəbərdarlıq edilmişdir. Mobil danışıqlara cavab olaraq xx.xx.2023-cü il tarixdə RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətin müdiri X3 ani mesajlaşma tətbiqi ilə "xxxx" MMC-yə məktub göndərərək bildirmişdir ki, RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti tərəfindən alqı-satqı müqavilələrinin icrası mümkün olmadığı üçün müqavilələr üzrə ödənilmiş 26213.00 ABŞ dolları məbləğində vəsaiti 3 gün müddətinə geri qaytarılacaqdır. Müqavilələrin dəyəri tam ödənildikdən sonra müqavilələrə xitam verməyi xahiş etmişdir. Lakin buna baxmayaraq RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətin rəhbərliyi növbəti dəfə üzərinə götürdüyü öhdəliyi və verdiyi sözü təkrar yerinə yetirməmişdir. Daha sonra RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətinin rəhbəri Ruslan Hasanovla dəfələrlə mobil əlaqə saxlanılmasına baxmayaraq müxtəlif bəhanələr gətirərək və müxtəlif vədlər verərək alqı-satqı müqavillələrində göstərilmiş öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Bütün bunlar onu göstərir ki, RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkəti 13 may 2022-ci il tarixli 2022/06 nömrəli və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilələrdə nəzərdə tutulmuş öhdəliyi yerinə yetirmir. Odur ki, hüquqi şəxs olan "xxxx" MMC satıcı şirkətin hesabına köçürmüş olduğu 26213.00 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə əsasən qanun yolu ilə geri qaytarılması məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə səhəri 1 saylı vəkil bürosunun vəkili X5 ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamışdır ki, 26213.00 ABŞ dolları məbləğində vəsaitin satıcı RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətdən geri qaytarmaq üçün məhkəməyə müraciət etsin. Vəkil X5 26213.00 ABŞ dolları məbləğində vəsaitin RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətindən geri qaytarmaq məqsədilə Gəncə Kommersiya Məhkəməsinə zəruri olan sənədləri təqdim edərək iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-741/2024 nömrəli qərardadı ilə "xxxx" MMC-nin iddia ərizəsi təmin edilmədən geri qaytarılmışdır. Qərardadda geri qaytarılmasının səbəbini göstərmişdir ki, müqavilənin 10.1 bəndinə əsasən tərəflər arasında baş verə biləcək bütün mübahisəli məsələləri qarşılıqlı anlaşma və danışıqlar yolu ilə mümkün qədər tez zamanda həll edilmədikdə bu barədə iddia ərizəsi Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən məhkəmələr tərəfindən baxılması üçün təqdim olunmalıdır. Bundan sonra vəkil X5 26213.00 ABŞ dolları məbləğində vəsaitin RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətindən geri qaytarılmasına dair "xxxx" MMC-nin iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3806/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Səbəb isə göstərilmişdir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Vəkil X5 Bakı Kommersiya Məhkəməsinin qərardadında göstərilmiş nöqsanları aradan qaldıraraq yenidən "xxxx" MMC-nin iddia ərizəsini və əlavə edilmiş sənədləri Bakı Kommersiya Məhkəməsinə təqdim etmişdir. Hazırda 26213.00 ABŞ dolları məbləğin qaytarılmasına dair mülki iş Bakı Kommersiya Məhkəməsinə baxılmaq üzrədir. Beləliklə hüquqi şəxs "xxxx" MMC müqavilə əsasında xx.xx.2022-ci il tarixdə RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ şirkətinə avans yolu ilə ödəmiş olduğu 26213.00 valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün mülkü qanunvericiliyinin tələblərinə əsasən zəruri olan tədbirləri yerinə yetirmişdir. Belə ki, "xxxx" MMC inzibati xəta tərkibi yarada biləcək heç bir hüquqazidd hərəkətə yol verməmişdir. Bütün bu göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankı Azərbaycan Respublikası İXM-nin 12.1-13 və 53.1.2 maddələrinin tələblərini pozmuşdur. Belə olan halda hüquqi şəxs "xxxx" MMCnin göstərilən və yerinə yetirmiş olduğu iqtisadi münasibətlərdə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əmələ yol verməmişdir. Odur ki, hüquqi şəxs "xxxx" MMC-yə münasibətdə əməlində inzibati xəta olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İXM-nin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati protokol qanunsuz olduğundan icraatına xitam verilməlidir. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X4" MMC-nin tabeliyində olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair tərtib edilmiş inzibati xətalar haqqında protokolun icraatına hüquqi şəxs "xxxx" MMC-nin əməldə inzibati xəta olmamasına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ-yə ünvanlanmış 11 yanvar 2023-cü il tarixli pritenziya məktubunun surətindən görünür ki, 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində sizinlə mənim aramda 13 may 2022-ci il tarixli 2022/06 nömrəli müqavilə üzrə 25.233.00 ABŞ dolları dəyərində və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilə üzrə 980.00 ABŞ dolları dəyərində cəmi 26.213.00 ABŞ dolları məbləğində alqı-satqı müqaviləsi bağlanmışdır. Sizinlə mənim tərəfimdən bağlanmış xx.xx.2022-ci il tarixli 2022/06 nömrəli və xx.xx.2022-ci il tarixli 2022/07 nömrəli müqavilələrin şərtlərində göstərilmiş ümumi ödəniləcək 26.213.00 ABŞ dolları pul vəsaiti xx.xx.2022-ci il tarixdə rəhbərlik etdiyiniz şirkətin (bank account: T.C. ZİRAAT BANKASİ A.Ş. SWİFT KODU; (BİC) TCZBTR2AXXX İBAN! TR45 0001 0019 8892 3815 1950 02) bank hesabına köçürülmüşdür. Belə ki, mənim tərəfimdən müqavilələrdə göstərilmiş öhdəlik tam yerinə yetirilmişdir. Lakin buna baxmayaraq bu günə kimi sizin tərəfinizdən qeyd olunan müqavilələrdə göstərilmiş mal- material "xxxx" MMC-yə göndərilməmişdir. Yəni sizin tərəfinizdən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməmişdir. Bu səbəbdəndən "xxxx" MMC işgüzar fəaliyyətini yerinə yetirə bilmir. Bunun nəticəsində isə zavoda maddi ziyan dəymişdir. Odur ki, sizə xəbərdarlıq edirəm ki, 13 may 2022-ci il tarixli 2022/06 nömrəli və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilələrdə göstərilmiş öhdəlikləri xx.xx.2023-cü il tarixə kimi yerinə yetirmədiyiniz halda müqavilələrdə göstərilmiş ümumi dəyərinin 5%-dək dəbbə pulu və zavoda dəymiş maddi ziyan birlikdə mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə məsuliyyətinə veriləcəksiniz. İş materiallarına əlavə edilmiş RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ tərəfindən Şəxs MMC-yə ünvanlanmış pretenziya məktubuna cavab məktubunun surətindən görünür ki, Sizin 11 yanvar 2023 tarixli 10/01-09 nömrəli pritenziya məktubunuzla tanış oldum. Məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, 13 may 2022 ci il tarixli 2022/06 nömrəli ve 17 may 2022ci il tarixli 2022/07 nömrəli müqavilələrin şərtlərini şirkətimizin hüquqi (vergi məsələləri) və maddi məsələlərindən ötrü vaxtında yerinə yetirə bilmədik. Qeyd etdiyim müqavilələrdəki məhsulların sizə təslimini ən geci 31 yanvar 2023-cü il -10 fevral 2023 cü il tarixləri arasında göndərilməsini öz öhdəliyimə götürürəm. İş materiallarına əlavə edilmiş RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, Şəxs MMC ilə RN Group Ticarət İthalat və İhracat LTD ŞTİ arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022- 06 nömrəli və xx.xx.2022-ci il tarixli 2022-07 nömrəli alqı-satqı müqavilələrinin icra olunması tərəfimizdən mümkün olmadığı üçün müqavilələr üzrə ödənilmiş vəsait 3 iş günü müddətində geri qaytarılacaq. Müqavilələrin ümumi dəyəri tam ödəndikdən sonra müqavilələrə sizin tərəfdən də xitam verilməsini xahiş edirəm. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ-yə ünvanlanmış 13 avqust 2024-cü il tarixli məktubun surətindən görünür ki, 13 may 2022-ci il tarixli 2022/06 nömrəli və 17 may 2022-ci il tarixli 2022/07 nömrəli müqavilələrdə göstərilmiş öhdəlikləri yerinə yetirmədiyinizə görə barənizdə Bakı Kommersiya Məhkəməsinə veriləcək iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətləri Sizə göndərilir. Həmin sənədlərin surətinin RN Group Ticaret İthalat ve İhracat LTD ŞTİ tərəfindən alınmasını təsdiq edən sənədin surəti də iş materiallarına əlavə edilmişdir. 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə məhrum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqazidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqazidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Hazırki iş üzrə iş materiallarına əlavə edilmiş sənədlərdən Şəxs MMC tərəfindən ödənilmiş 25233.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) MMC-nin iradəsindən asılı olmayan səbəbdən ölkə ərazisinə idxal edilməməsi aydın olur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında protokolda göstərilən, yəni ona istinad olunan əmələ görə təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 111-112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2935/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2935/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver