Məhkəmə qərarları › İş №3(125)-2938/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2938/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2938/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Qurbanova Zöhrə Lutvin qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunun Dəllər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Hərbi-şəhərcik 84, ev 1(93), mənzil 21-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1937/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü Ağa və xx.xx.2020-ci il təvəllüdlü Alixan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 145 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq məktubları təqdim edilsə də borclu aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əlavə əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, lakin borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Hazırda borclunun 4930 manat aliment borcu var. Bununla da borclu X11 Paşayev X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən üzürsüz səbəbdən yayınır. Bügünədək ödənilməyən aliment borcu 4930 manat təşkil edir. Borclu axtarış əsasında məcburi gətirilmişdir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, birinci dəfədir ki, bu maddə ilə məhkəməyə gətirilir. Arvadı ilə münasibətləri normaldır, atası mübahisə yaradır. Uşaqları ilə görüşür, onları evinə gətirir. Aliment borcundan indiyədək heç bir ödəniş etməmişdir. Keçmiş qayınanasının imkanı yaxşıdır. Axtarış qərarından məlumatı yoxdur, lakin məhkəmə qətnaməsindən məlumatlıdır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur, imkanı zəifdir, lakin bundan sonra hissə-hissə də olsa aliment borcunu ödəməyə söz verir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Bu halları nəzərə alıb barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, borclu borcunu ödəməkdən qəsdən yayınır. İcra məmuru dəfələrlə onun evinə də gedib, lakin borclu bugünə qədər bir manat belə aliment ödəməyibdir. Aliment borcunun tam şəkildə ödənilməsini təmin etmədiyi təqdirdə borclunun həbs edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1937/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü Ağa və xx.xx.2020-ci il təvəllüdlü Alixan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 145 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1937/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1937/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün bildirişi xx.xx.2023-cü il tarixdə borclu Şəxs almışdır. İş materilaına əlavə edilmiş, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. İş materilaına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə 553468 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədi üzrə heç bir ödəniş etməmiş və tələbkar X2 4930 manat ödənilməyən aliment borcu qalmışdır. Borclunun ondan aliment tutulması barədə məhkəmə qətnaməsindən məlumatlı olmasına baxmayaraq tələbkara heç bir ödəniş etməməsi icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar