Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2942/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, səlahiyyətli orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:30-da Şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, avtoxuliqanlıq əməli törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 327.1-ci, 327.2-ci və 511.1.3cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, Şəxs Gəncə şəhəri inzibati ərazisində yol hərəkəti qaydalarına əməl etməmiş, qəza vəziyyəti yaradan hərəkətlər etməklə, avtoxuliqanlıq əməli törətmişdir. Sonradan həm də məlum olmuşdur ki, avtomobildə həbs var. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, protokolda qeyd edilən avtoxuliqanlıq əməlini törətməmişdir. “Hyundai Sonata” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil dostu X4 məxsusdur, xx.xx.2023-cü il tarixdə dostu Farizlə birlikdə ona məxsus olan avtomobili Gəncə şəhəri, Nizami prospektində saat 21:30 radələrində idarə etdiyi zaman həmin yolda çalalar və yama olduğu və təmir getdiyi üçün ikitərəfli yolun əks istiqamətinə çıxaraq manevr etmə qaydasını pozaraq ötmə əməliyyatı aparmışdır. “Ramada Plaza” otelinin yanına çatan zaman qırıq xətdən geri dönmə əməliyatı aparmış, 41 saylı məktəbin qarşısında olan işıqforun sarı işığında hərəkətini davam etdirmiş, buzaman qarşıda DYP-nin əməkdaşları onu saxlamışdır. O, hər hansı avtoxuliqanlıq hərəkəti etməmiş, başqa digər nəqliyyat vasitəsi ilə yarışmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi X5, Şəxs hərəkətlərində hər hansı avtoxuliqanlıq əlamətləri mövcud olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, həmin gün ona məxsus “Hyundai Sonata” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili Almaniyadan qonaq gələn dostu Yasin sürürdü, Yasin yolda nasazlıq olduğuna görə qoşa xətti tapdalamaq məcburiyyətində qalmışdır. İşıqforun yaşıl işığında keçən zaman DYP-nin əməkdaşları onlara yaxınlaşaraq avtoxuliqanlıq etdiklərini bildirmişlər. Belə iş materiallarına əlavə edilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin operatoru polis serjantı Raul Atayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:10 radələrində Gəncə şəhəri, Nizami küçəsində “Hyundai Sonata” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ziq-zaqvarı sürüşlərlə idarə edərək Gəncə şəhəri, Şəddadilər küçəsi ilə Nizami küçəsinin kəsişməsində olan işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək avtoxuliqanlıq etmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri edilməlidir. Yalnız bu zaman həmin nəqliyyat vasitələrinin sürücüləri İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən sübut kimi təqdim edilmiş DVD diskə məhkəmə araşdırması zamanı baxış keçirilmiş və baxış zamanı Şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətinə keçməklə hərəkət etməsi halı müəyyən edilsə də idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya avtomobillə yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-2942/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2942/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver