Məhkəmə qərarları › İş №3(125)-2942/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2942/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2942/2024 23.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə olunmuşdur. Sözügedən xx.xx.2024-cü il tarixli EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur və qəbul edilərkən demək olar ki, qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən qanun pozuntusunu aşkar etmiş və həmin an ümumiyyətlə ona məxsus olmayan avtomobilin yan tərəfindən şəkilini çəkmiş, eləcə də ona məxsus avtomobilin dövlət qeydiyyat nömrəsini qabaq hissədən və digər kameranı yaxınlaşdırmaqla foto şəkil çəkmiş və bununla da o, 100 manat məbləğində cərimə edilmişdir. Mülkiyyətində olan avtomobilin təhlükəsiz şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunvericilik "xüsusi texniki vasitələr" tətbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırki qərar xüsusu texniki vasitədən istifadə etməməklə tərtib edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan kimi, yəni svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməməsi kimi qayda pozuntusunu ümumiyyətlə o, törətməmişdir. Sözügedən xx.xx.2024-cü il tarixli EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərarda "inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında" müəyyən edilmişdir kimi ifadə işlənmiş, lakin qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Barəsində tərtib edilmiş sözügedən qərarda isə nəinki xüsusi texniki vasitənin göstəriciləri, hətta xüsusi texniki vasitənin mövcudluğu barədə heç bir məlumat yoxdur (qərar şikayətə əlavə edilmişdir). O cümlədən İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını müəyyən edir ki, həmin maddədə də xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalar üzrə həmin texniki vasitələrin məlumatları (tipi, markası, modeli, yerləşdiyi yer) mərkəzi informasiya sisteminə ötürülməsi imperativ şəkildə qeyd edilmişdir. Sözügedən xx.xx.2024-cü il tarixli EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə zidd tərtib edilməsinin bir başqa sübutu da həmin qərarın Elektron imza ilə təsdiq olunmalı olduğu halda, bu məcburi qaydanın da yerinə yetirilməməsidir. Belə ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş Elektron sənədin informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunan sənəd olması şərti mütləqdir. Yuxarıda qeyd etdiyi kimi İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarın elektron sənəd şəklində çıxarıldığı imperativ şəkildə qeyd edir, lakin sözügedən qərarın əlavə edilmiş surətindən də göründüyü kimi həmin qərar elektron imza ilə imzalanmamışdır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində başlanmış inzibati icraata isə xitam verilməsinin halları sadalanmış, həmin maddənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda ləğv olunma zərurəti açıq-aşkar qeyd edilmişdir. Ona məxsus avtomobilin xüsusi texniki vasitə ilə yox, şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq çəkilməsi qanunsuz sübut əldə etmədir və bu hal fərdi məlumatlara müdaxilə hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 etibarnamə üzrə nümayəndəsi X6 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, X4 onun anasıdır. İnzibati tənbeh vermə haqqında qərarda inzibati xətanı törədən avtomobil “BMW” markalı avtomobildir və həmin avtomobil ona məxsus deyildir. Həmçinin onun idarə etdiyi avtomobil **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet Cruse” markalı avtomobildir. Buna görə də sözügedən qərar tam şəkildə əsassız və qanunsuzdur və xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin nümayəndəsinin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərardakı şəkillərə baxış keçirilən zaman görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən avtomobilin “Chevrolet Cruse” markalı deyil digər markalı avtomobil olduğu görünür, lakin digər şəkildə, yəni avtomobilin dövlət qeydiyyat nişanını çəkmək üçün yaxınlaşdırılmış şəkildə isə sözügedən inzibati xətanın **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet Cruse” markalı avtomobil ilə törədilməsi müəyyən olunur. X2 etibarnamə üzrə nümayəndəsi X6 isə onun idarə etdiyi avtomobilin “Chevrolet Cruse” minik markalı avtomobil olduğunu bildirmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın törədildiyi vaxt qeydə alınmış foto-şəkillər arasında açıq şəkildə ziddiyyət mövcuddur. Belə olan halda isə sürücünün əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar