Məhkəmə qərarları › İş №3(125)-2952/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2952/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2952/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X6 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli Qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 253- 1.2.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat miqdarında cərimə olunmuşdur. Həmin qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət verilməsi nəzərdə tutulur. Qərarın surəti ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli Qərarı qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməlidir. Gəncə şəhəri, Z.Məmmədov adına Göz xəstəxanası uzun müddətdir ki, Gəncə şəhəri, N.Nərimanov pr. 41 ünvanında fəaliyyət göstərir. Həmin müəssisənin inzibati ərazisində çox sayda yaşıllıq zolağı və ağaclar mövcuddur. Onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq olunur. Xəstəxananın giriş hissəsində abadlıq işləri aparılırması zərurəti yaranmışdı. Belə ki, hazırda xəstəxananın dayanacağı olan ərazidə böyük quyular əmələ gəlmişdir. Buna görə də orada təmir-tikinti işləri aparılmalı oldu. Həmin ərazidə bir neçə yaşıl kollar mövcud idi. Onların məhv olmaq ehtimalı vardı. Buna görə də, həmin kolların qorunması və məhv olmaması üçün onların həmin ərazidən götürülməsi qərara alındı. Ərazidən bir neçə kol çıxarılaraq, xəstəxananın həyətinə köçürüldü. Həmin kollara xüsusi qulluq edildi və halhazırda da onlar sağlam vəziyyətdədir. Həmin kollar şəxsi vəsait hesabına alınmışdır. Qeyd edilən kolların yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəstəxana rəhbərliyi vasitəsi ilə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şifahi məlumat verilmişdi. Həmin idarədən buna dair razılığın olması bildirilmişdir. Məhz, bundan sonra həmin kolların yerinin dəyişdirilməsi həyata keçirilmişdir. Lakin, göründüyü kimi, belə razılaşma olmasına baxmayaraq, sonradan 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati protokol tərtib edilmiş və yekunda sözü gedən qərar qəbul edilmişdir. Bundan başqa, qeyd edir ki, hər kəs bilir ki, bir ağacın məhv olması, zədələnməsi və yaxud da onun hansısa formada yararsız hala salınması yol verilməzdir. O, uzun müddətdir ki, müxtəlif müəssisə və təşkilatlarda çalışmışdır və hazırda da təsərrüfat müdiri vəzifəsində işləyir. O, bunun məsuliyyətini tam dərk edir. Belə olan halda, sual olunur. O, bunu yaxşı bildiyi halda, necə kolların yerini icazəsiz dəyişdirə bilər? Yuxarıda qeyd etdiyi kimi, həmin kolların yerinin dəyişdirilməsi rəhbərlik tərəfindən razılaşdırılmış və bundan sonra ona kolların yerinin dəyişdirilməsi vəzifəsi tapşırılmışdır. O da öz növbəsində xəstəxananın əməkdaşları ilə onların yerini dəyişdirmişdir. Buna görə də hesab edir ki, onun heç bir qanunsuz hərəkəti olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X7 məhkəməyə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Bu hal araşdırma zamanı tərtib edilmiş akt, protokol və digər sənədlərlə tam sübuta yetirilir. Buna görə qərardan verilmiş şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 253-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə) vəzifəli şəxs qismində 5000 (beş min) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X.Allahverdiyev ETSN-in rəyi olmadan yaşıllıqların götürülməsi ilə bağlı qərar və yaşıllığın götürülməsi vərəqi olmadan Oftomoloji şöbənin ərazisində 25 ədəd kolların köçürülməsi ilə əlaqədar göstəriş verərək kolları digər ərazilərə köçürtmüşdür. Azərbaycan Respublikası İXM-nin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, 84976 nömrəli akt, X.Allahverdiyevin yazılı izahatı, yerində çəkilmiş foto-şəkillər ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirmişdir ki, kolların köçürülməsi üçün icazə lazım olduğunu bilməmişdir. İş materiallarına əlavə edilmiş X8 Agentliyinin İdarə heyətinin sədri tərəfindən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi cənab Azər Quliyevə ünvanlanmış “yaşıllıqla əlaqədar müraciətə baxılması haqqında” cavab məktubunun surətindən görünür ki, sözügedən yaşıllıqların götürülməsinə dair müraciət daxil olmamış və tərəflərindən rəy verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X3 vəzifəli şəxs qismində müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə 18 iyul 2024-cü il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 məhkəməyə verdiyi izahatında mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan və qərardan şikayət vermiş şəxsin qismən etirafedici izahatından aydın şəkildə görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər, həmçinin qərardan şikayət vermiş X2 məhkəməyə verdiyi qismən etirafedici izahatı və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X2 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinib vəzifəli şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar