Məhkəmə qərarları › İş №3(125)-2958/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2958/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2958/2025 07.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Ağstafa rayonu, Düzqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağstafa rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 07 avqust 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 06 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X1 DİN-in 102 xidmətinə etmiş olduğu müraciət ilə bağlı ünvan 2-yə əməliyyatistintaq qrupunun üzvləri getmişdir. Polis yaxınlaşan zaman vətəndaş Şəxs polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X1 DİN-in 102 xidmətinə etmiş olduğu müraciət ilə bağlı ünvan 2-yə əməliyyat-istintaq qrupunun üzvləri getmişdir, polis yaxınlaşan zaman vətəndaş Şəxs polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, son zamanlar anası ilə tez-tez mübahisələri olmuş. O, yoldaşı ilə oğlunu mübahisədən sonra Bakıya yola salıb evə qayıdanda binanın qarşısında PPX əməkdaşlarını görmüş, durmağını istəmişlər, lakin, polisin göstərişinə tabe olmayıb təntiyərək oradan qaçmış, daha sonra peşman olmuş və durub. Anası ilə mübahisəsi, xalasına görə olurmuş, xalasının onun ailəsi ilə qəsdi-qərəzliyi olmuş. “Tik tok” sosial şəbəkəsində canlı yayım açaraq, yoldaşı haqqında təhqiramiz sözlər demişdir. 08 avqustda yoldaşının ad günü idi, oğlu ilə birlikdə onun yanına Bakıdan gəlmişlər, daha sonra mağazaya getmişlər və anası orada nəvəsi Onura hədiyyə almış lakin, gəlininə isə heçnə almamışdır. Daha sonra evə qayıtmışlar və bu zaman anası ilə arasında narazılıq olmuş, anası da yoldaşının yanında xalasının adını çəkmiş, o, xalasından xoşu gəlmədiyi üçün mübahisə etmiş, daha sonra anasından pul istəmiş, anası isə ona 20 (iyirmi) manat pul vermişdir. O, sonra ailəsini yola salmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, o, Kəlbəcər hospitalında baş tibb bacısı işləyir. O, oğluna bu yaxınlarda istirahət üçün gələcəyini demiş, Atatürk prospektində kirayədə qaldığını bildirmişdir. Oğlu Xəyal, yoldaşı Qumralın ad günü olacağını dedikdə, o, Qumrala 30 (otuz) manat yol pulu göndərmişdir. Onlar gəldikdən sonra uşağı və gəlinini alış-verişə aparmış, nəvəsi Onura hədiyyə alıb, gəlninə isə sonra alacağını düşünmüşdür. “Göygölə və Hacıkəndə” gəzməyə aparacaqmış, daha sonra hədiyyə alacaqmış. O, evə gəldiyi zaman görmüşdür ki, oğlu ilə gəlini kefsiz oturmuşlar. O, nə baş verdiyini soruşduqda gəlini, onun uşağını bacısına göstərməməsini ondan tələb etmiş. O, oğluna yoldaşının onu təhrik etməyini demiş və oğlu onun üstünə hücum çəkərək onu yerə yıxıb, döyüb və saçından sürüyərək çölə çıxartmışdır. Nişanlı olan vaxtı, oğlu və gəlini 3 il onun bacısı evində qalıblar. Gəlininin 27 yaşı var və oğlundan yaşca böyükdür. O, hadisədən sonra polisə zəng vurmuşdur. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X1 DİN-in 102 xidmətinə zəng etmiş olduğu müraciət ilə bağlı ünvan 2-yə əməliyyatistintaq qrupunun üzvləri ilə birlikdə getmişlər. X4 onlara demişdir ki, oğlu anasına yoldaşı və uşağını yola saldıqdan sonra, gəlib boğazını kəsəcəyini bildirmişdir. Xəyal onları görəndə gizlənməyə çalışmış, lakin, onlar Xəyalı izləyərək arxasınca getmiş və tutmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X1 DİN-in 102 xidmətinə etmiş olduğu müraciət ilə bağlı Gəncə şəhəri, Atabəylər küçəsi, ev 197, bina 12yə əməliyyat-istintaq qrupunun üzvləri getmişdir. Polis barəsində şikayət daxil olmuş vətəndaş Şəxs yaxınlaşan zaman, polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli tərtib etdiyi protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Tofiq Abdullayevin iştirakı ilə ondan ötrü tərtib etmişdir ki, icraatına daxil olmuş xx.xx.2025-ci il tarixli materialın icrası ilə bağlı vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələri ilə toplanmış materiala izahat verməkdən və imza çəkməkdən imtina etmişdir. - 06 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında BB ******* nömrəli protokoldan görünür ki, X3 06 avqust 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün və şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarında müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. İctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. İctimai təhlükəsizlik sahəsinə insanların həyatı və sağlamlığı, onların əmlakı üçün yaranan və ya yarana biləcək təhlükənin qarşısının alınması və ya onların aradan qaldırılması ilə bağlı olan ictimai münasibətlər aiddir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlülüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir, törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. İnzibati xəta haqqında protokol və işin digər materialları ilə Şəxs insanların maraqlarına laqeydliyi və əxlaq qaydalarına məhəl qoymamağı öz təsdiqini tapmışdır. İşin hallarından görünür ki, Şəxs ünvan 2 ünvanında xırda xuliqanlıq hərəkətləri edərək insanların maraqlarına və əxlaq qaydalarına məhəl qoymayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. O, anasına qarşı uca səslə nəlayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etdikləri zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar