Məhkəmə qərarları › İş №3(125)-2965/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2965/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2965/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1, qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin patrol avtomobilinə yerləşdirilmiş xüsusi texniki vasitənin məlumatına görə inzibati xəta törətməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən xx.xx.2025-ci il tarixdə, saat 14:09-də M 2, E 60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində istifadəsində olan “Mercedes Benz ML” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat sürət həddində aşmağa görə xx.xx.2025-ci il tarixdə elektron qərar (EQ ********) çıxarılmışdır. Qərara əsasən 50 manat və 2 bal cərimə edilmişdi. Həmin qərarın ləğv olunmasına dair məhkəməyə müraciət etmiş və Gəncə Şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1195/2025 nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, məhkəmə öz qərarında bütün hallan nəzərə alaraq hesab etmişdir ki, qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə onun mail ünvanına Baş X8 İdarəsindən məktub və qərar göndərilmişdir. Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1- 112472, 16/1-1-116040 nömrəli qərarı ilə yenidən Azərbaycan Respublikası İnzibati İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat cərimə edilmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddətində şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Mailin surətini ərizəsinə əlavə etmişdir. Hansı ki qüvvədə olan Gəncə Şəhər Məhkəməsinin qərarı vardır, qərar qanuni qüvvəsini almışdır və hesab edir ki, ümumiyyətlə həmin hissədə qərara hüquqi qiymət verilmişdir. Qərarın surətini şikayətinə əlavə etmişdir. Qərardan göründüyü kimi heç bir araşdırma aparılmadan onun izahatı alınmadan, inzibati xətanın törədildiyi yerə baxış keçirilmədən, nişanın quraşdırıldığı yerdən yolayrıcına qədər məsafə ölçülmədən, inzibati xətanın olması araşdırılmadan və onun təqsirli olması sübuta yetirilmədən və sair xüsusatlar araşdırılmadan formal olaraq qərar qəbul edilmişdir. Qərarın formal olduğu qərarın nömrəsindən də görünür, belə ki, 1 qərara 2 nömrə verilmişdir. Həmçinin ehtiyac olmadığı halda-və qanunda nəzərdə tutulmadığı halda yenidən əlavə olaraq elektron qərar qəbul edilmişdir. Bu da 1 inzibati əmələ görə 2 qərar qəbul edilməsi və İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin pozuntusu deməkdir. Həmin maddəyə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Elektron qərarda foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəyə istinad etsələr də, qərarı qəbul etmiş şəxs unutmuşdur ki, xüsusi texniki vasitənin növbəti dövlət yoxlaması xx.xx.2025-ci il tarixdə bitmişdir. Buna baxmayaraq dövlət yoxlamasından keçməmiş və vaxtı xx.xx.2025-ci il tarixdə bitmiş xüsusi texniki vasitəyə istinad edərək xx.xx.2025-ci il tarixdə yenidən elektron qərar qəbul edilmişdir. Baxmayaraq ki, məhkəmə qərarı ilə inzibati xəta əməli ləğv edilmişdir, xx.xx.2025-ci il tarixli elektron qərara əsasən xx.xx.2025-ci il tarixdə, saat 14:09-də M 2, E 60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində istifadəsində olan “Mercedes Benz ML” minik markalı, **- RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat sürət həddində aşmağa görə yenidən inzibati cərimə edilmişdir. Qərar nömrəsi (EQ ********) dəyişdirilməmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarın hər ikisi eyni nömrə ilə göstərilmişdir, yəni qərarın nömrəsi belə dəyişməmişdir. Qeyd olunan qərarla bağlı bildirir ki, o, hər hansı inzibati xəta törətməmiş, yol hərəkəti qaydalarım pozmamış və qanun pozuntusu etməmişdir. Qərəzli olaraq elektron protokol və qərar tərtib olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində Gəncə şəhəri istiqamətində istifadəsində olan “Mercedes Benz ML” minik markalı, **-RL- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmişdir. Yolda müəyyən edilmiş sürət hədlərinin tələblərinə riayət etmiş, yol nişanlarının tələblərini gözləmişdir. Sürət həddi 60 və 90 km olan ərazilərdə avtomobili maksimum sürət həddindən artıq sürətlə idarə etməmişdir. Bəzi yerlərdə maksimum sürət həddi 90 km-dən dərhal 60 km saata endirilmişdir. Həmin ərazilərdə də maksimum sürət həddini gözləmişdir. Baş X8 İdarəsi tərəfindən təqdim edilmiş foto-şəkil və videogörüntüdən müəyyən olunur ki, qarşı tərəfdən Bakı şəhəri istiqamətində hərəkət edən E-Patrol markalı DYP avtomobili əsassız və qanunsuz olaraq onun avtomobilini çəkmiş və nəticədə elekton protokol və qərar çıxarılmışdır. Fotoşəkili ərizəsinə əlavə etmişdir. Videogörüntünü məhkəmə iclasında təqdim edəcək. Belə ki, foto və videogörüntüdən açıq-aydın görünür ki, o, yolda müəyyən edilmiş maksimum sürət həddini aşmamışdır. Onunla paralel hərəkət edən avtomobillər də maksimum sürət həddini gözləmişlər. Bundan başqa video görüntüdən tam aydın olur ki, DYP-nin E-Patrol markalı avtomobili orta axının sürətinə nisbətən çox yüksək sürətlə hərəkət etmiş və süni olaraq avtomobillərin sürətini faktiki olandan yüksək olduğu təəssüratını yaratmışdır. Buna görə də təkidlə bildirir ki, o, ümumiyyətlə inzibati xəta törətməmişdir. Bundan başqa aşağıdakılara görə hesab edir ki, onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, E-Patrol avtomobilinə quraşdırılmış videogörüntüdən çox aydın görsənir ki, onun qarşısında, yəni onun hərəkət etdiyi yolda radara çatmamış yolayrıcı vardır. Elə bu səbəbdən DYP avtomobili videogörüntünü yolayrıcına çatmamış sonlandırmışdır. Onun hərəkət istiqamətində yolayrıcının olması maksimum sürət nişanının həmin yerdə qüvvədən düşməsi deməkdir. Belə ki, yolayrıcından sonra “İnformasiya stendi” servis nişanı və ya maksimum sürətin məhdudlaşdırılması nişanı quraşdınlmalı idi. Həmin radara çatmamış onun hərəkət istiqamətində 2 yerdə yolayrıcı vardır. Həmin yolayrıcılardan sonra və əvvəl maksimum surətin məhdudlaşdırılması nişanı quraşdırılmamışdır. Belə ki, qadağan edici nişanların qüvvəsi yolayrıcında öz qüvvəsini itirir. Lazım idi ki, yolayrıcılardan sonra yenidən maksimum sürət məhdudlaşdırılması və ya “İnformasiya stendi” servis nişanı quraşdırılsın. Bundan başqa E-Patrol avtomobili radar quraşdırıla biləcək və yüksək sürəti qeydiyyata ala biləcək ərazidən kənarda hərəkət etmiş və qanunsuz olaraq sürət həddinin aşma cihazını işə salmışdır. Həmin ərazidə qanuni quraşdırılmış radarların olduğunu nəzərə alsaq E-Patrol avtomobilinin ümumiyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin ərazidə sürət ölçmə cihazını qoşmasını qanunsuz hesab edir. Hesab edilsə ki, həmin ərazi yaşayış məntəqəsindən kənardır və sürət həddi məhdudlaşdırılmışdır. Onda lazım və vacib idi ki, yaşayış məntəqəsindən kənarda ***-**** metr qabaqda 6.14 “İnformasiya stendi” servis nişanı və ya 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılsın. Videogörüntüdən də məlum olur ki, qeyd olunan nişanlar quraşdırılmamışdır. Məhkəmə iclasında şikayət vermiş X4 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş qərara əsasən xx.xx.2025-ci il tarixdə, saat 14:09də M 2, E 60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində istifadəmdə olan “Mercedes Benz ML” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat sürət həddində aşmağa görə xx.xx.2025-ci il tarixdə elektron qərar (EQ ********) çıxarılmışdır. Qərara əsasən 50 manat və 2 bal cərimə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1195/2025 nömrəli qərarı ilə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, yenidən araşdırılması üçün Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsə də, heç bir araşdırma aparılmadan onun izahatı alınmadan, inzibati xətanın törədildiyi yerə baxış keçirilmədən, nişanın quraşdırıldığı yerdən yolayrıcına qədər məsafə ölçülmədən, inzibati xətanın olması araşdırılmadan və onun təqsirli olması sübuta yetirilmədən və sair xüsusatlar araşdırılmadan formal olaraq hazırkı xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır və hesab edir ki, ümumiyyətlə həmin hissədə qərara hüquqi qiymət verilmişdir. Əvvəlki qərar ləğv edilmiş, cəriməsi silinmişdir. Bundan başqa aşağıdakılara görə hesab edir ki, onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, E-Patrol avtomobilinə quraşdırılmış videogörüntüdən çox aydın görsənir ki, onun qarşısında, yəni onun hərəkət etdiyi yolda radara çatmamış yolayrıcı vardır. Elə bu səbəbdən DYP avtomobili videogörüntünü yolayrıcına çatmamış sonlandırmışdır. Onun hərəkət istiqamətində yolayrıcının olması maksimum sürət nişanının həmin yerdə qüvvədən düşməsi deməkdir. Belə ki, yolayrıcından sonra “İnformasiya stendi” servis nişanı və ya maksimum sürətin məhdudlaşdırılması nişanı quraşdınlmalı idi. Həmin radara çatmamış onun hərəkət istiqamətində 2 yerdə yolayrıcı vardır. Həmin yolayrıcılardan sonra və əvvəl maksimum surətin məhdudlaşdırılması nişanı quraşdırılmamışdır. Belə ki, qadağan edici nişanların qüvvəsi yolayrıcında öz qüvvəsini itirir. Lazım idi ki, yolayrıcılardan sonra yenidən maksimum sürət məhdudlaşdırılması və ya “İnformasiya stendi” servis nişanı quraşdırılsın. Bundan başqa E-Patrol avtomobili radar quraşdırıla biləcək və yüksək sürəti qeydiyyata ala biləcək ərazidən kənarda hərəkət etmiş və qanunsuz olaraq sürət həddinin aşma cihazını işə salmışdır. Həmin ərazidə qanuni quraşdırılmış radarların olduğunu nəzərə alsaq E-Patrol avtomobilinin ümumiyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin ərazidə sürət ölçmə cihazını qoşmasını qanunsuz hesab edir. Hesab edilsə ki, həmin ərazi yaşayış məntəqəsindən kənardır və sürət həddi məhdudlaşdırılmışdır. Onda lazım və vacib idi ki, yaşayış məntəqəsindən kənarda ***-**** metr qabaqda 6.14 “İnformasiya stendi” servis nişanı və ya 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılsın. Videogörüntüdən də məlum olur ki, qeyd olunan nişanlar quraşdırılmamışdır. Bundan başqa qərarın formal olduğu qərarın nömrəsindən də görünür, belə ki, 1 qərara 2 nömrə verilmişdir. Həmçinin ehtiyac olmadığı halda-və qanunda nəzərdə tutulmadığı halda yenidən əlavə olaraq elektron qərar qəbul edilmişdir. Bu da 1 inzibati əmələ görə 2 qərar qəbul edilməsi və İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin pozuntusu deməkdir. Həmin maddəyə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, “İnformasiya stendi” və sürət məhdudlaşdırıcı nişan yolayrıcında qüvvədən düşür. Həmin yolda avtomobilini 91 km/saat sürətlə idarə etdiyini, yəni sürət həddini 21 km aşdığını etiraf edir, lakin hesab edir ki, o, həmin yol yolayırıcı olduğundan, yaşayış məntəqəsindən kənarda olduğundan və “İnformasiya stendi” quraşdırılmadığı üçün bunu əvvəlcədən bilə bilməzdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X5 izahatında bildirmişdir ki, həmin yolda sürət həddinin 70 km/saat olmasına dair sürət məhdudlaşdırıcı nişan qoyulmuşdur. Həmçinin ərazi yaşayış məntəqəsinin ərazisi olmaqla, yolda yolayrıcı yoxdur. Odur ki, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir -16/1-112472, 16/1-İ-116040 nömrəli, xx.xx.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. -Gəncə Şəhər Məhkəməsinin 3(125)-1195/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilmiş, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 327.1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) və inzibati cərimənin məbləği və ödənilməsi qaydası da göstərilir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxsin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla şikayətçi ərizəsində inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin sonucu müayinə tarixinin xx.xx.2025-ci il tarixdə bitdiyini və bu səbəbdən də xüsusi texniki vasitənin göstəricilərinin əsas götürülə bilmədiyini qeyd etmişdir. Lakin, iş materiallarından da göründüyü kimi, inzibati xəta xx.xx.2025-ci il tarixdə baş vermişdir. Belə olan halda şikayətçinin həmin dəlilini məhkəmə əsassız hesab edir. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin İ bəndinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin İİ bəndinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Bundan başqa şikayət verən şəxs ərizəsində təqsirsiz olmasına dair məhkəməyə foto və video görünütülər təqdim edəcəyini qeyd etsə də, qeyd edilən görüntüləri məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 14:09-də M 2, E 60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş (sürət həddini 21 km/saat aşmışdır) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin sürət həddini aşması **-LR-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə quraşdırılmış ''e-patrul'' sistemi vasitəsi ilə müəyyən edilmişdir. “E- Patrul” sistemi ilə təchiz edilmiş yol polisi xidməti avtomobillərinin sürücülərin sürətini ölçərək cərimə protokolu tərtib etməsi qanunverici tərəfindən nizamlanmışdır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İş materialları ilə də konkret olaraq müəyyən edilmişdir ki, X4 tərəfindən inzibati xətanın törədildiyi “M 2, E 60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində” ünvanında yolun hər iki hərəkət istiqamətində yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmışdır. Həmçinin sürət həddinin aşılmasını müəyyən edən “E-Patrul” sistemi dövlət yoxlamasından keçmiş və yoxlama nəticəsində yararlı hesab edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə isə şikayətin həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqında qərardan və fotoşəkillərdən aydın şəkildə görünür ki, X4 idarə etdiyi “Mercedes Benz ML 350” minik markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 337-ci kilometrliyində xx.xx.2025-ci il tarixdə İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş (sürət həddini aşma) inzibati xətanı törətmişdir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Sadəcə olaraq izahatında bu barədə məlumat vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayətçi X1 Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26117505 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar