Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2972/2023 06.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə, Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhəri Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 06 noyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 06 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3(125)-496/2023 saylı qərara əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona qəti olaraq 170 (yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 170 (yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh növünü heç bir üzrlü səbəb olmadan yerinə yetirməmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə göndəriş təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3(125)-496/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-İn 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 170 (yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 170 (yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən qəti surətdə imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə göndəriş təqdim edilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, məhkəmə qərarı ilə təyin edilmiş 170 (yüz yetmiş) saat ictimai işləri yerinə yetirə bilmir, çünki ona həmin işə görə ödəniş edilmir. Bu səbəbdən də o, ictimai işləri yerinə yetirmir və əgər ona ictimai işləri yerinə yetirmək üçün pul ödənilməsə, o yenə də ictimai işləri yerinə yetirməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-496/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona qəti olaraq 170 (yüz yetmiş) saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs izahatından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-496/2023 saylı qərarı ilə ona təyin edilmiş ictimai işlər cəzasını çəkməyəcəyini, yəni işləməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 104564/2023 nömrəli göndərişin surətindən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-496/2023 saylı qərarı ilə təyin edilmiş 170 saat ictimai işlər inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozduğu üçün rəsmi xəbərdarlıq edilərək Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin məktubunun surətindən görünür ki, Şəxs 1,2,3.11.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan ictimai işləri yerinə yetirməsi üçün cəlb olunduğu iş yerinə gəlməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ictimai işlərin görüldüyü yerə baş çəkmə protokollarından görünür ki, Şəxs ictimai işləri yerinə yetirmək üçün müəyyən edilmiş əraziyə çıxmadığı müəyyən edilmişdir. Elektron Məhkəmə sistemindən çıxarılmış sorğudan görünür ki, Şəxs xx.xx.2013-cü il təvəllüdlü Zeynəb, xx.xx.2015-ci il təvəllüdlü Fatimə və xx.xx.2018-ci il təvəllüdlü Rafin adlı üç azyaşlı övladı var. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 529.4-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla, yəni inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış, probasiya şöbəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında ictimai işlər tənbehini çəkməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. Buna görə də Şəxs İXM-nin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-496/2023 saylı qərarının icrasına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114,115, 128-130, 145-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 06 noyabr 2023-cü il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs İXM-nin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyindən onun barəsində olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-496/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrasına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2972/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2972/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver