Məhkəmə qərarları › İş №3(125)-3/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Vüqar Gözəlov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X10 bildirdi ki, xx.xx.1995-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Aqrar tikinti idarəsinin yataqxanasında yaşayan X5 Tərtər rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə, dəfələrlə SMS bildiriş ünvanlanmış, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan və aylıq alimenti ödəmir və hazırda 7150 manat aliment borcu vardır. 2023-cü ilin may ayında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə bir məhkəmə iclası keçirilmiş, borclunun xahişi ilə borcunun ödənilməsi üçün ona vaxt verilərək məhkəmə iclası müəyyən müddətə təxirə salınmışdır. Lakin, borclu həmin vaxtdan həm məhkəmədən, həm də icra orqanından yayınmış, çağırışlara gəlməkdən boyun qaçırmış, həmin dövrdə də aliment borcunu ödəməkdən qərəzli yayınmağa davam etmiş, aliment borcu onun məhkəmədənvə icra orqanından yayındığı 2023-cü ilin may ayından 2024-cü ilin yanvar ayınadək olan dövrdə 6450 AZN-dən 7150 AZN-dək artmışdır. Protokolun təmin edilərək barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, hazırda rəsmi olaraq işləmir, əlavə gəliri yoxdur. Ona görə də aliment borcu üzrə ödəniş edə bilmir. İnzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 12 may 2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 6450 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Tərtər Rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 15 yanvar 2018-ci il təvəllüdlü X6 və 07 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla 300 manat məbləğində aliment 29 yanvar 2021-ci il tarixdən başlayaraq tutulub X2 xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 icraatına daxil olmuşdur. - xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - Borclunun icra idarəsində verdiyi izahatlardan görünür ki, o, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 tərtib etdiyi aktdan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı iş üzrə borclu Şəxs məskunlaşdığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Daşqın inşaat bazarının ön hissəsində yerləşən Aqrar tikinti idarəsinin binasında olan zaman məlum olmuşdur ki, Nicat həmin binanın 1-ci mərtəbəsində anası ilə məskunlaşmışdır. Hazırda çobanlıqla məşğul olduğu üçün Ağstafa rayonunun çölündə yataqxanada yaşayır. Yaşadığı ünvana qeyri-müəyyən gəlir. Eyni zamanda onun yaşadığı otağa baxış keçirilmiş və dəyərli heç bir əşya aşkar edilməmişdir. Aktın doğruluğu X7 və Şəxsb qohumu Qocayev Ə.N. tərəfindən imzalanmışdır. - 05 oktyabr 2022-ci il tarixli “Borclunun axtarılması haqqında” Qərardan görünür ki, Şəxs icra prosesindən yayındığı üçün barəsində axtarış elan edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli və 23 may 2023-cü il tarixli Qərardadından görünür ki, Şəxs barəsində tərtib edilmiş 12 may 2023-cü il tarixli MN № ******* nömrəli protokol üzrə keçirilən məhkəmə iclaslarından yayındığı üçün onun Gəncə Şəhər Məhkəməsinə gətirilməsi haqqında qərar qəbul edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Şəxs barəsində qəbul edilmiş gətirilmə qərarları icra edilmədiyindən barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Bundan əlavə, onun barəsində keçirilən məhkəmə iclası onun vəsatəti əsasında ödənişin həyata keçiriləcəyi əsas gətirilərək təxirə salınmışdır. Lakin, borclu məhkəmə prosesindən də qərəzli olaraq yayınmış, məhkəmə icraatının əsassız uzanmasına səbəb olmuşdur. Bu onun məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını bir daha təsdiq edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs barəsində həm icra orqanı, həm məhkəmə tərəfindən onun icraatda iştirakı və icra sənədini icra etməsi ilə bağlı olan bütün mümkün vasitələrdən istifadə etmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar