Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3005/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 11 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən yaranmış 5600 manat aliment borcunu icra etmir. Protokola əlavədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-3291/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş müvafiq tarixlərdə ünvanlanmış və təqdim edilmişdir. Eyni zamanda müxtəlif tarixlərdə SMS bildirişlər göndərilmiş və sonuncu dəfə bu gün inzibati məsuliyyətə cəlb olunması barədə izahatı alınmış, eyni zamanda qanun tələbləri izah edilmişdir. İcra sənədi üzrə borclu tələbi təmin etmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə protokol tərtib edilərək xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə protokol verilmiş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən 8 gün müddətində inzibati qaydada həbs edimişdir. Görülmüş tədbirlərə baxmayaraq və borclunun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış qərarı qəbul edilmiş, aidiyyatı üzrə polis orqanına ünvanlanmış, eyni zamanda müxtəlif tarixlərdə telefon vasitəsi ilə xəbərdarlıqlar edilmiş və sonuncu dəfə bu gün xx.xx.2025-ci il tarixdə inzibati məsuliyyətə cəlb olunması barədə izahat yazmaqdan imtina etmişdir. Eyni zamanda qanun tələbləri izah edilmişdir, lakin borclu izahatında məhkəmə qərarı üzrə olan 5600 manat aliment borcunu tam şəkildə təmin edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda, borclu Şəxs məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar edilməmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq borclu Şəxs alimenti ödəmədiyinə görə tələbkarın çox saylı şikayətləri icra idarəsinə və aidiyyatı qurumlara daxil olmuşdur. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir, icra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu Şəxs aliment borcunu, yəni qanunla müəyyən edilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3291/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay iki uşağın saxlanması üçün, cəmi 400 (dörd yüz) manat alimentin X5 ödənilməsi qət edilmişdir. O, 5600 (beş min altı yüz) manat olan aliment borcundan 200 (iki yüz) manatı hazırki məhkəmə baxış iclasından əvvəlki gün, 400 (dörd yüz) manat isə hazırki məhkəmə iclasınadək ödəniş etmişdir. Həmçinin işdən uzun müddət əvvəl çıxdığını, iş tapa bilmədiyindən alimentin ödənilməsində çətinliklərlə üzləşmişdir, ancaq artıq iş tapmışdır. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X6 məhkəməyə izahat verərək bildirdi ki, borclu alimenti ödəmək istəmir. O, tələb olunan məbləğin birdəfəlik ödənilməsini xahiş edir. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-3291/2024 nömrəli, xx.xx.2024 -cü il tarixli icra vərəqəsindən görünür ki, 06 may 2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, borcluya xəbərdarlıqlar göndərilmiş, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs 5600 (beş min altı yüz) manat aliment borcundan tələbkara ümumilikdə 600 (altı yüz) manat ödəniş etməsi və növbəti aylarda hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürməsi onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı, yəni icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3005/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3005/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver