Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3006/2025 25.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda görünür ki, Şəxs 06 avqust 2025-ci il tarixdə saat 11:35-də “VAZ21063” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, hadisə baş verdiyi gündən əvvəl qardaşı ilə birlikdə pivə içmiş, lakin bundan bir gün sonra yol polisi əməkdaşı onu saxlayan zaman spirtli içki qəbul etməmişdir. Müayinədən təxminən 2-3 saat sonra özü ayrıca həkim müayinəsindən keçmiş, lakin onun sərxoş olmadığı məlum olmuşdur. Onun himayəsində azyaşlı uşaqları var və uşaqlardan biri xərçəng xəstəliyindən əziyyət çəkir. Göstərilənlərə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs 06 avqust 2025-ci il tarixdə “VAZ21063” minik markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə saxlanılmış, bundan sonra sürücünün sərxoş olmasına dair onda şübhələr yaranmış və sürücünü xüsusi texniki vasitə ilə sərxoşluq müayinəsindən keçirmişdir. Müayinə zamanı yüngül dərəcəli sərxoşluq halı müəyyən edilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi texniki vasitənin hesabatının surətindən görünür ki, Şəxs 06 avqust 2025-ci il tarixdə, saat 11:30-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.418% olmuşdur. AC 541939 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdə B1, B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 06 avqust 2025-ci il tarixli, 2919/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən görünür ki, Şəxs sərxoşluq halı müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokol tərtib etmiş polis əməkdaşını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bu Məcəlləinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəlləsinin 96.5-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan vəsərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sözügedən Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi üçün, yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları onun alkoqoldan istifadə etməsindən şübhələndikləri üçün, xüsusi texniki vasitə ilə müayinədən keçirmiş və onda 0.418 promil alkoqol aşkar olunmuşdur. Lakin, barəsində icraat aparılan şəxs bununla razılaşmamış öz istəyi ilə həkim müyinəsindən keçmişdir. Nəticədə onun ayıq olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 06 avqust 2025-ci il tarixli, 2919/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən maddəsinə əsasən 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkara çıxarılmasında istifadə olunan xüsusi texniki vasitənin göstəriciləri barədə məlumatlar daxil edilməmişdir. Bu səbədəndə məhkəmə həmin texniki vasitənin müayinəsini mötəbər hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3006/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3006/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver