Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3022/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fədi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, A.Səhhət küçəsi, ev 31A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 avqust 2025-ci il tarixli, MN ******* protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.1983-cü il təvəllüdlü, ali təhsilli, evli, məhkumluğu olmamış, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-292/2014 saylı, xx.xx.2014-cü il tarixli və Gəncə şəhər Məhkəməsinin 8(125)-90/2025 saylı, xx.xx.2025-ci tarixli sənədlərinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment pulu və Gəncə şəhər Məhkəməsinin 8(125)-90/2025 saylı, xx.xx.2025ci tarixli sənədi üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində sabit pul məbləğində aliment alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfimizdən borclu borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunun ödənilməsi tələb edilmişdir. Lakin borclu borclu Şəxs bu günkü tarixədək yaranmış 15000 manat yığılmış aliment borcu var. Borclu sonuncu izahatında yığılmış aliment borcunu hal-hazırda ödəyə bilmədiyini bildirmişdir. Bundan əlavə olaraq borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Belə ki, borclu borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, sonuncu dəfə dünən 200 manat ödəniş etmiş, keçən il 1800 manat ödəniş etmişdir. O, Bakı şəhərində yaşayır, fərdi əməklə məşğul olur, lakin onun barəsində axtarış verildiyindən normal işləyib aliment borcunu ödəyə bilmir. Hazırda isə borcunu ödəyə bilmir, vaxt verilərsə ödəyər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X8 izahat verib bildirdi ki, borclu aliment borcundan ödəniş etmir. Belə ki, onlar əvvəl işlədiyi üçün nəvələrinə baxa bilmişlər, hazırda isə maddi vəziyyət yaxşı deyil, çətinlik çəkirlər. Uşaqlar böyümüş və hazırlığa gedirlər. Borclu hər dəfə söz verir, lakin heç bir ödəniş etmir. Aliment borcunun tam şəkildə ödənilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 292/2014 saylı, 22 yanvar 2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 13 avqust 2008-ci il tarixdə anadan olmuş X6 və 19 oktyabr 2009-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X4 ödənilməlidir. İş materiallarına əlavə edilmiş 17 mart 2014-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 292/2014 saylı, 22 yanvar 2014cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, hər ay tutulan 160 manat məbləğində aliment qərardad qanun qüvvəyə mindiyi vaxtdan başlayaraq sonrakı artımlar nəzərə alınaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində olmaqla indeksasiya olunaraq Şəxs X2 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarılması haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 292/2014 saylı, 22 yanvar 2014-cü il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, 15000 manat aliment borcu yaranmışdır. Odur ki, onun icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, aliment tələbi ilə bağlı icra sənədinin icra edilməsindən boyun qaçıran şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə tənbehin məqsədinə nail olmaq və onu intizamlandırmaq mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərinə nail olmağa imkan verir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 12 avqust 2025-ci il il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3022/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3022/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver