Məhkəmə qərarları › İş №3(125)-3030/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3030/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3030/2025 09.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs direktoru X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs MMC (VÖEN:**********) xx.xx.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4019 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Rusiyadan 42316786 nömrəli vaqonla gətirilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Aparılan araşdırma ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olan 42316786 saylı vaqonun və 2364 saylı qatarın xx.xx.2025-ci il tarixində hansı saatda ölkə ərazisinə daxil olması barədə məlumatların təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixli 3-331100/2-002755/2025 saylı məktubla "xxxx" QSC-ə müraciət edilmişdir. Daxil olmuş xx.xx.2025-ci il tarixli 13-1/2- 8172/2025 saylı cavab məktububda 42316786 saylı vaqonun xx.xx.2025-ci il saat 13.55də 2364 saylı qatarın tərkibində Yalama sərhəd-keçid stansiyasında qəbul olunduğu qeyd edilmişdir. Beləliklə, sözügedən malların daşındığı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-cü il tarixdə saat 13.55-də daxil olduğu, lakin həmin yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********1194 sorğu nömrəli qısa idxal bəyannaməsinin isə malların daşındığı yük nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il saat 14:28-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə "xxxx" MMC (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs direktoru X2 bildirmişdir ki, onlar qisa idxal bəyanaməsini saat təxminən 13:00-da yazmışlar, vaqon isə axşam saat 20:00-da getmişdir. O, "xxxx" QSC-nin Gömrük idarəsinə cavab məktubundan razı deyildir. Onların şirkəti taxta məhsulları istehsal edir. O, inzibati xəta haqqında protokolla razı deyildir. Onlara vaxt verilsə öz sübutlarını məhkəməyə təqdim etməyə hazırdırlar. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmısinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: -“İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” 01 avqust 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. -“Abşeron” gömrük postunun rəisi, gömrük xidməti mayoru cənab Elməddin Abdullayevin raportundan görünür ki, xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin ünvanına Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə 42316786 nömrəli vaqonla “Abşeron” gömrük postuna daxil olmuş taxta yükü Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda **********4019 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin adı qeyd olunan hüquqi şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq faktla bağlı araşdırma aparmaq üçün Təhqiqat şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir. - xx.xx.2025-ci il tarixli **********4019 nömrəli Gömrük bəyannamələrindən görünür ki, Şəxs adına Rusiya Federasiyasından 42316786 nömrə nişanlı nəqliyyat vasitəsi ilə “yalama” gömrük postundan keçməklə gələn “L növlü adi şam ağacından meşə materialı taxta”” yükləri daxil olmuşdur. -Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, gömrük əməkdaşı Fəyaz Mikayılov tərəfindən GB-nin rəsmiləşdirilməsi barədə sorğu xx.xx.2024-cü il tarixdə saat 15:53:42 dəqiqədə yazılmış, Fəyaz Mikayılov rəsmiləşdirmə üçün xx.xx.2024-ci il tarixdə saat 14:28:07 dəqiqədə göndərmiş və İlkin Şiriniv xx.xx.2025ci il tarixdə saat 18:35:37 dəqiqədə yükü buraxmışdır. -Baş İdarənin rəisi Elmir Ramazanov tərəfindən "xxxx" QSC-nin sədri Rövşən Rüstəmova ünvanlanmış məktubdan görünür ki, **********4019 saylı gömrük bəyannaməsinə dair mallar ölkə ərazisinə daxil olmazdan əvvəl təqdim edilməli olan qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır. Aparılan araşdırma ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycan Respublikasına daxil olan 42316786 saylı vaqonun və 2364 saylı qatarın xx.xx.2025-ci il tarixində hansı saatda ölkə ərazisinə daxil olması barədə məlumatların təqdim edilməsinə köməklik edilməsi xahiş edilmişdir. -"xxxx" QSC-nin cavab məktubundan görünür ki, 37190000 Podosinoveç- Abşeron göndərişli, taxta ilə yüklənmiş 42316766 nömrəli vaqon xx.xx.2025-ci il tarixində 2364 saylı qatarın tərkibində saat 13:55-də Yalama sərhəd-keçid stansiyasında qəbul olunmuşdur. Qeyd olunan vaqon 2364 saylı qatarla xx.xx.2025ci il tarixində saat 16:25-də təyinatı üzrə Abşeron stansiyasına göndərilmişdir. xx.xx.2025-ci il tarixində 42316786 nömrəli vaqon saat 23:19-da Abşeron stansiyasına çatmış və boşaldıqdan sonra xx.xx.2025-ci il tarixində saat 10:43-də 3709 saylı qatarla Rusiya Federasiyasının Podosinoveç stansiyasına yola salınmışdır. Vaqon Yalama sərhəd-keçid stansiyasında xx.xx.2025-ci il tarixində 2301 saylı qatarın tərkibində saat 12:09-da Rusiya Federasiyasına təhvil verilmişdir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ünvanına 42316786 nömrə vaqonla daşınan “L növlü adi şam ağacından meşə materialı taxta” yükləri Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs Şəxs İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar