Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3052/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxslər - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi polis leytenantı X4, Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən və Gəncə şəhər BPİ-nin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli və Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 13 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 13 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitənin təsiri altında avtomobil idarə etmiş, narkoloji dispanserdə analiz nəticəsində onun sidiyində AMP aşkar olunmuşdur. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 13 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 13 avqust 2025-ci il tarixdə Şəxs “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə qəbul edərək idarə etmişdir. Bununla da o, İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında 13 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 511.1.2 (mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi) və 511.1.3-cü (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması) maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər protokolları tərtib etmiş Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin polis baş leytenantı X3 da protokolların məzmununa uyğun çıxış edərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, narkotik vasitəni təxminən 2 ay bundan əvvəl istifadə etmiş, narkotik vasitənin təsiri altında avtomobil idarə etmiş və hazırda səhvini başa düşmüş, əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Lakin o, digər protokolda qeyd edilən avtoxuliqanlıq əməlini törətməmişdir. Belə ki, təqdim olunan videogörüntüdə əksə olunan avtomobil ona məxsus olsa da, idarə edən şəxs onun 15 yaşı tamam olmamış oğludur. Qeyd edilənləri və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.2025ci il tarixdə saat 16:00 radələrində Şəxs idarə etdiyi “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil avtoxuliqanlıq hərəkətləri barədə sosial şəbəkədə yayılmış videogörüntü səbəbindən saxlanılarkən onun narkotik vasitədən istifadə etməsində əsaslı şübhələr yaranmış və müvafiq analiz verməsi üçün Narkolji dispanserə aparılmış və analizin nəticəsində onun sidiyində AMP aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 2744/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs sidiyində AMP aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 14 avqust 2025-ci il tarixli, 1284 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 02:54-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolları, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını və şahidin ifadəsini dinləyərək, inzibati xətanın (İXM-nin 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın) görüntülərini özündə əks etdirən DVD-diskə baxış keçirərək, digər iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206, 333-1.1, 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi öz təsdiqini tapdığından həmin maddələrin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nin 206, 333-1.1-ci maddələri üzrə özünü təqsirli bilsə də, 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu İXM-nin 511.1.2 və 511.1.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar şahid ifadəsi, DVD-disk və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2 və 511.1.3-cü maddələrinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə (511.1.2) və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına (511.1.3) və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 206, 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlini etiraf etməklə səmimi peşmançılığını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 206, 333-1.1, 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 206, 333-1.1, 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə, ona İXM-in daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini qismən səmimi etiraf etməsini və səmimi peşmançılığını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 511.1.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-3052/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3052/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver