Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3057/2025 15.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 15 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 15 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 15 avqust 2025-ci il tarixdə saat 01-30 radələrində R.Qasımov küçəsində olan zaman qeyri-adekvat davranışlarından narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığından Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, ilk dəfə təxminən 4-5 il bundan əvvəl marixuanadan istifadə etmişdir. Bir müddət əvvəl keçirdiyi qəzada hər iki qolu sınmış və qolları sağalsa da ağrıları davam etmişdir. Bir neçə gün öncə Xoşbulaq kəndində olarkən marixuana istifadə etmişdir. 15 avqust 2025-ci il tarixdə Gəncə şəhəri R.Qasımov küçəsində dostu Məmməd Əliyev ilə birlikdə gedən zaman polis əməkdaşları onların qeyri-adekvat hərəkətlərindən şübhələnərək yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onları müayinə olmağa aparmışlar. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. - İnzibati qaydada tutma haqqında 15 avqust 2025-ci il tarixli, BB ******* nömrəli protokoldan görünür ki, Şəxs 15 avqust 2025-ci il tarixdə saat 02-00 radələrində inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli, 1291nömrəli rəydən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan preqobolin epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstləyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 15 avqust 2025-ci il tarixli, 3062/2025 nömrəli protokoldan görünür ki, Şəxs psixotrop maddə olan preqobolin aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla, tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif edilmişdir və Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətanın xarakterini, həmçinin inzibati xətanın törədilmə şəraitini və üsulunu, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Bu səbəbdən də Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 15 avqust 2025-ci il tarixdən, saat 02:00dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 avqust 2025-ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin X4 həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-3057/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3057/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver