Məhkəmə qərarları › İş №3(125)-3079/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3079/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3079/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə ŞBPİ-nin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 18 avqust 2025-ci il tarixli MN ******* saylı protokola əsasən Şəxs narkotik vasitəsindən istifadə etmiş və bununla da, o, İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X2 protokolun məzmununa uyğun çıxış edərək məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Gəncə şəhəri D.Qorqud küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksidən düşüb gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitə istifadə etməsində şübhəli olduğunu bildirərək onu 2-ci Polis Şöbəsinə dəvət etmişlər. O, 10 gün bundan qabaq Bakıda toy məclisində marixuana çəkdiyini etiraf edərək əməlindən peşman olduğunu, əvvəllər heç vaxt narkotik istifadə etmədiyini, himayəsində iki azyaşlı uşağının və valideynlərinin olduğunu nəzərə çatdıraraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: - 18 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş və qərarın surəti Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş 18 avqust 2025-ci il, 1303 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs narkotik vasitədən istifadə etməsi və əldə edərək saxlaması, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, peşmançılığını, və himayəsində iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli 18 avqust 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar