Məhkəmə qərarları › İş №3(125)-3084/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3084/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3084/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 19:07-də Şəxs idarə etdiyi “Mercedes Benz ML 500” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə xüsusi çoxavazlı səs siqnalını təchiz etdiyi üçün Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ-nin polis baş leytenantı X2 çıxışında vətəndaşın barəsində olan protokolu icraatına daxil olmuş raport əsasında tərtib etdiyini və onun barəsində qərar qəbul edilməsi üçün məhkəməyə təqdim etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq avtomobilin üzərində əlavə qurğunun aşkar edilmədiyini, iş üzrə heç bir maddi sübutun olmadığını protokolu “tiktokda” paylaşılan görüntü əsasında tərtib etdiyini və veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19.00 radələrində Gəncə şəhər Baş Dövlət yol polislərinin tək adlarını bildiyi polis baş leytenantı Elməddin və polis kapitanı Elşad adlı polis inspektorları, ünvanına gələrək “** MX ***” dövlət qeydiyyat nişanlı avtomobilini qanunsuz olaraq dayanacaq meydançasına aparmışlar və ona protokol tərtib edilməsi barədə xəbərdarlıq etmişdilər. Protokolun əsaslandırılmasında xx.xx.2021-ci ildə avtomobilində əlavə avadanlıq (fotoşəkil video əsasında) olduğu göstərilmişdir. Həmin foto şəkil və video evinin içində çəkilsədə avtomobilin üzərində olan dövlət qeydiyyat nişanı çəkilişdə yoxdur və həmin avtomobilin onun olduğuna dair heç bir əsas yoxdur. Polis inspektorlarının bu əməli qanunsuz və əsassızdır. Belə ki, inzibati məsuliyyət müddəti bitmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat hadisədən 4 ay (bəzi hallarda 1 il) keçdikdən sonra həyata keçirilə bilməz. Hadisənin üstündən isə artıq 4 ildən artıq müddət il keçmişdir. Deməli, məsuliyyətə cəlbetmə müddəti də bitmişdir. Fotoşəkil sübut kimi yetərli deyil. Təkcə şəkil əsasında inzibati xəta protokolu tərtib olunması qanunla müəyyən edilmiş sübut standartlarına cavab vermir. Hadisə yerində onun iştirakı olmadan protokol tərtib edilmiş, izahatı alınmamışdır. Belə ki, xx.xx.2021-ci ildə öz evinin içində dövlət qeydiyyat nişanı düşmədən çəkiliş edərək TİK- TOK sosial platformasına yerləşdirmişdir. Həmçinin qanunda göstərilən müddətlərin və qaydaların pozulması ilə tərtib olunmuş inzibati protokol hüquqi qüvvəyə malik ola bilməz. Avtomobilin dayanacaq meydançasından aparılma prosedur qaydaları pozulmuşdur. Belə ki, İXM-nin 333.4 və 333.5-ci maddələrində avtomobil ancaq sürücü sərxoş vəziyyətdə olduqda və ya müayinədən imtina etdikdə; sürücünün sürücülük hüququ olmadıqda və ya məhkəmə qərarı ilə alınmış olduqda; nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarə edildikdə; avtomobil texniki cəhətdən nasazdırsa və hərəkət təhlükəlidirsə; avtomobilin saxlanması qadağan olunmuş yerlərdə hərəkətə ciddi maneə yaradırsa xüsusi mühafizə olunan dayanacaq meydançasına (cərimə meydançası) aparılır. Avtomobil axtarışda olduqda və ya məhkəmə/istintaq orqanının qərarı varsa, polis onu cərimə meydançasına apara bilər. Odur ki, evindən qeyri qanunu avtomobilini dayanacaq meydançasına aparılmasına qanuni qiymət verilməsini və polis əməkdaşlarının bu əməlinə hüquqi qiymət verərək barəsində tərtib edilmiş protokolu etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında 18 avqust 2025-ci il tarixdə saat 18:30 radələrində işdən çıxıb evə gedərkən protokolu tərtib etmiş Elməddin bəy “whatsapp” proqramı vasitəsi ilə ona zəng edib barəsində “Tik-Tok”-la bağlı məxfi şikayət məktubunun olduğunu və bununla əlaqədar avtomobilinin Polis İdarəsinə gətirməli olduğunu bildirmişdir. İlk öncə bunun zarafat olduğunu düşünmüş, çünki “Tik-Tok”şəbəkəsində sonuncu dəfə 2021-ci il tarixdə paylaşım etmişdir. İnandırıcı gəlmədiyi üçün onların evə yaxınlaşmasını bildirmişdir. Elməddin bəydən öncə Elşad bəy gəlmişdir. Onlar “Tik-Tok” səhifəsini istəmiş və orada sayrışan işıqla olan video görüntü paylaşdığını bildirdikdə o, həmin görüntünü 2021-ci il tarixdə paylaşdığını və ön şüşənin qabağına qoyub videoya çəkiliş etdikdən sonra çıxartdığını bildirmişdir. Sonda “Tik-Tok” şəbəkəsində paylaşdığı həmin görüntünü iclas zalında təqdim etmişdir. Məhkəmə iclasında videogörüntüyə və vəsatətə əlavə edilmiş fotoşəkilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntü 26 aprel 2021-ci il tarixdə lentə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə iclasında videogörüntüyə və vəsatətə əlavə edilmiş fotoşəkilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntü 26 aprel 2021-ci il tarixdə lentə alınmışdır. Beləliklə inzibati xətanın törədildiyi gündən 4 il keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXMnin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində 18 avqust 2025-ci il tarixli İXP ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar