Məhkəmə qərarları › İş №3(125)-3104/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3104/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3104/2025 21.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 21 avqust 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 21 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-radələrində Şəxs YPX əməkdaşları tərəfindən saxlanılaraq 1-ci Polis Şöbəsinə aparılan zaman ünvansız nalayiq ifadələr işlədərək, ucadan səs küy salaraq, X11 Polis Şöbəsinin iş rejimini pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:40-radələrində Gəncə şəhəri, Müseyib Bağırov prospektində VAZ-21011 markalı avtombilinin ön hissəsinin yuxarı olduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılaraq DYPŞ-nə aparılan zaman avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirib duracağa yerləşdiriləcəyini dedikdə vətəndaş Şəxs ünvansız nalayiq ifadələr işlədərək, ucadan səs küy salaraq, X11 Polis Şöbəsinin iş rejimini pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, avtomobilini saxladıqdan sonra polis əməkdaşlarından onu hansı səbəbə saxlatmaqlarını soruşduqda, ona heçnə bildirməmişlər. O, heç bir qanun pozuntusu törətməmişdir. Hadisə günü böyük avtomobilin ehtiyat hissələrini daşıdığını bildirmiş və bu səbəbdən avtombilinin ön hissəsi yuxarı olmuşdur. Məhkəmə iclası zamanı ona verilən sualına cavab olaraq bildirmişdir ki, o, duracaqda avtomobili saxladıqdan sonra polis əməkdaşlarına Eldəniz adlı şəxslə görüşmək istədiyini bildirmiş, lakin Sübhan adlı polis əməkdaşı onun qarşısını kəsərək üzünə göz yaşardıcı püskürtmüşdür. Onun dayanacaqda qaçmaqda məqsədi, Eldəniz adlı şəxsin yanına getmək idi, lakin orda da polis əməkdaşları tərəfindən saxlanılaraq üzünə göz yaşardıcı püskürdülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in ƏYPXB-nin YPXnin inspektoru X2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci ildə Gəncə şəhəri Müseyib Bağırov prospektində xidmətdə olduqları zaman, onlara bir nömrəli dövlət tədbiri barədə əvvəlcədən xəbər verilmişdir, yəni ki nəqliyyat vasitələrinə xüsusi ilə diqqət etməklərini bildirilmişdir. Vaz 21011 markalı avtomobilin ön hissəsinin yuxarı olduğu üçün, avtomobil onların tərəfindən saxlanılmış, sürücü Şəxs yaxınlaşaraq saxlama səbəbini izah etdikdə Şəxs onlara avtomobildə ağır yük olmasını, həmçinin ona əvvəllər də bu məsələyə görə cərimə yazıldığını bildirmişdir. Daha sonra Şəxs avtomobilin duracağa yerləşdirilməli oduğunu bildirmişlər, lakin Şəxs avtomobilini duracağa yerləşdirməyəcəyini bildirmişdir. Şəxs yenidən izah etməklərinə baxmayaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sonra Şəxs qaçmağa cəhd etdikdə polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edərək avtomobilə əyləşdirərək 1-ci PŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in ƏYPXB-nin YPXnin inspektoru X3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri Müseyib Bağırov prospektində xidmətdə olan zaman Vaz 21011 markalı avtomobilin konstruksiya dəyişikliyi olduğunu gördükdə Şəxsı saxlatmışlar, avtomobilin duracağa yerləşdirilməli oduğunu bildirmişlər. Lakin Şəxs polis əməkdaşların qanuni tələbinə tabe olmayaraq, öz tanışlarına zəng etməyə başlamışdır. Sonda onlar fiziki güc tətbiq edərək Şəxsı xidməti avtomobilə əyləşdirmişlər, sonra avtomobilin açarını tələb etdikdə Şəxs imtina etmişdir. O, Şəxs avtomobilinin yanına gedərkən, Şəxs avtomobilin salonunun arxa oturacağından qabaq oturcağına keçdikdən sonra düşüb qaçmağa cəhd etdikdə, polis əməkdaşları tərəfindən yenidən saxlanmışdır sonra 1-ci PŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş -Gəncə şəhər BPİ-in ƏYPXB-nin YPX-inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci ildə saat təxmini 18:45 radələrində ekipaj yoldaşı YPX-nin inspektoru polis baş serjantı Verdiyev Elnur ilə KİA markalı **-YP-*** d.q.n-lı patrul avtomobilində ekipaj yoldaşı X4 ilə Gəncə şəhəri Müseyib Bağırov prospektində xidmətdə olan zaman **-DP-*** d.q.n.n-lı nəqliyyat vasitəsinə qayda pozuntusu olduğu üçün saxla işarəsi vermişdirlər. Ekipajı sürücüyə yaxınlaşıb sənədlərini yoxlayıb, maşında konstruksiya dəyişikliyi olduğunu bildirib duracağa yerləşdiriləcəyini dedikdə sürücü Şəxs “bu maşın duracağa gedə bilməz, siz məni tanıyırsızmı?” deyərək onların qanuni tələblərinə tabe olmamağa başlamışdır. Onlar sürücüyə dəfələrlə izah edib tabe olmasını tələb etsələrdə sürücü məhəl qoymamışdır. Dostlarına telefonla zəng edərək əlavə adamlar yığmışdır. Sonra sürücü səs-küy salaraq əl-qol atmağa başlamışdır. Onlar isə sürücünü patrul maşınına mindirərək Gəncə şəhər 1-ci PŞ-nin NH-nə təhvil vermişdir. - 21 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 avqust 2025-ci il tarixdə saat 22:45-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, polis əməkdaşları tərəfindən VAZ 21011 markalı avtomobilin ön hissəsinin yuxarı olması müəyyən edilərək, avtomobil onların tərəfindən saxlanılmış, polis əməkdaşları sürücü Şəxs yaxınlaşaraq saxlama səbəbini izah etdikdə Şəxs onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onlarla mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 19 avqust 2025-ci il tarixdən, saat 22:45-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar