Məhkəmə qərarları › İş №3(125)-3111/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3111/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3111/2023 13.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 2-ci Polis şöbəsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2705 dairəsi adlanan yerdə xidmətdə olarkən Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş halda avtomobil idarə etdiyini aşkarlamışdır. Həmin vaxt maşında şəxsin xəstə uşağı və həyat yoldaşı da olmuşdur. O, bildirimişdir ki, Şəxs sərxoşluğun yoxlanması ilə bağlı müayinədən imtina etdiyi və uca səslə nalayiq ifadələr işlətdiyi üçün onun barəsində xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə xəstə qızını həkimə apararkən xx.xx.2023-cü il tarixində yol patrul xidməti tərəfindən saxlanılmışdır. Həmin vaxt günorta saatlarında az miqdarda spirtli içki qəbul etdiyini, ümumi vəziyyətinin gərgin olmasını, polis əməkdaşları ilə mübahisə etmədiyini, sadəcə olaraq sərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina etdiyini bildirərək əməlindən səmimi peşmançılığını dilə gətirmiş və bir daha belə əməl törətməyəciyinə söz vermişdir. Sonda o, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs müayinədən imtina etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından və Şəxs məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Şəxs ictimai qaydanı pozmamış, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətməmişdir. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, yalnız İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh olunaraq məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla X4 Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsi ilə inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X4 polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktda əsasən tam şəkildə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və himayəsində xəstə uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 1 xəstə uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə aşağı həddə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən himayəsində olan 1 uşağın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsi tətbiq edilməklə həmin məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Hacıyev X5 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (yüz əlli) manat miqdarinda cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar