Məhkəmə qərarları › İş №3(125)-3124/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3124/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3124/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi polis kapitanı Əvəz Mustafayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206, 510, 535.1cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs polis sahə məntəqəsində və 2-ci polis şöbəsində uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış, nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs narkotik maddə olan marixuana istifadə etmiş, nəticədə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi polis kapitanı X3 çıxışında xx.xx.2024-cü il tarixdə Şəxs küçədə ictimai asayişi pozduğu üçün polis sahə məntəqəsinə dəvət edilmiş, həmin vaxt polis sahə məntəqəsində ucadan nalayiq ifadələr işlədərək asayişi pozmuş, nizam intizama dəvət etsələrdə o, öz hərəkətlərini davam etdirərək ünvanlı və ünvanız söyüşlər söymüşdür. Bundan başqa Şəxs atası İlqar Heydərov polis sahə məntəqəsinə gələrək ucadan səs-küy salaraq oğlunun qaçmağına şərait yaratmışdır. Onu arxasınca qaçaraq tutub barəsində tədbir görülməsi üçün 2-ci polis şöbəsinə gətirmiş və raportla nöbətçi hissəyə təhvil vermişlər. O, şöbədə səs-küy salaraq ij rejimini pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək çıxışında hadisə günü sərxoş olduğunu, telefonla ucadan danışıb söyüş söydüyünü etiraf etmişdir. İfadəsinin sonunda isə o, əsgərlikdə travma aldığını, psixoloji xəstəliyini və 2-ci qrup əlil olmasını nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ PPXT-nun polis baş serjantı X2 çıxışında xx.xx.2024-cü il tarixdə 27 saylı marşurutda xidmət aparan zaman vətəndaş Şəxs Gəncə şəhər “Sərçə-Bazarı” adlanan yerdə küçədə telefonla danışan zaman ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğunu görüb ona yaxınlaşmış və iradını bildirmişdir. Həmin vaxt qeyri adekvat hərəkətlər etdiyi üçün onun sipirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş və barəsində tədbir görülməsi üçün yaxınlıqdakı polis sahə məntəqəsinə dəvət etmişdir. O, məntəqədə təkrarən öz hərəkətlərinə davam edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş və öz mobil telefonu ilə atası İlqar Heydərovu polis sahə məntəqəsinə çağırmışdır. Atası məntəqəyə gələrək orada səs-küy salmış və oğlu Şəxs məntəqədən qaçmasına şərait yaratmışdır. Yenidən arxası ilə qaçaraq onu saxlayıb 2-ci polis şöbəsinin nöbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTBnin polisi sahə rəisi X4 çıxışında Şəxs ictimai asayişi pozduğu üçün polis sahə məntəqəsinə dəvət etmişdir. Daha sonra atası İlqar Heydərov polis sahə məntəqəsinə gələrək oğlu ilə birlikdə səs-küy salmış və oğlunun qaçmasına şərait yaratmışdır. İş materiallarında olan: - 25 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 15:50-də inzibati qaydada tutulmuşdur. - Gəncə şəhəri Narkoloji Dispanserinin 26 avqust 2024-cü il tarixli 1433 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan kannabinoidlərdən sui-ıstifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - 25 avqust 2024-cü il tarixli, 2996/2024 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidik nümunəsindən narkotik vasitə olan THC aşkar edilmişdir. - 26 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510, 535.1 və 206-cı maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitə istifadə etməsi İXM-in 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in üç müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşmançılığını, himayəsində azyaşlı uşaqlarının olmasını o cümlədən İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı, 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 206-cı, 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar