Məhkəmə qərarları › İş №3(125)-3127/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3127/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3127/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin sahə rəisi polis leytenantı Rza Məmmədzadə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə qızı X3 məxsus əşyaları qırıb çölə ataraq ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında X4 protokolun məzmununa uyğun ifadə verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Şəxs ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs qızıdır və yaşadığı evin bir otağın qızına məxsusdur. Daha sonra o, törətdiyi əməli etiraf edərək oğlunun ailəsi ilə həmin evdə yaşadığını bildirmişdir. O, ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, müharibə vaxtı atılan raket nəticəsində evinə ziyan dəymiş və o, evini təmir etdirən zaman qızına məxsus şifoneri çölə çıxartmaq məcburiyyətində qalmışdır. Şəxs əşyaların çölə çıxarılmasında heç kimin iştirakı olmadığını və həmin əşyaları özü fəhlələrin köməyi ilə qızının otağından çıxartdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxışında bildirmişdir ki, anası və qardaşı tərəfindən ona məxsus əşyalar otağından çıxarılmış və bunun nəticəsində əşyalarına ziyan dəyərək tam yararsız hala düşmüşdür. İfadəsinin sonunda o, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 20 avqust 2024-cü il tarixli qüsur aktında X3 dəymiş zərərin dəyəri 2494 (iki min dörd yüz doxsan dörd) manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş fotoşəkillər və DVD disk görüntüləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 2494 (iki min dörd yüz doxsan dörd) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar