Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3130/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1, 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci polis şöbəsinin sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206 və 333-1.1, 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü tarixdə Şəxs Gəncə şəhər BPİ-də səs-küy salmış və narkotik vasitənin təsiri altında olduğundan şübhələndikləri üçün Narkoloji Dispanserdə müayinə zamanı narkotik vasitə aşkar edilmişdir. Nəticədə Azərbayan Respublikası İXM-in 206 və 333-1.1, 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 1-ci polis şöbəsinin sahə rəisi polis leytenantı X2 çıxışında 26 avqust 2024-cü il tarixdə Şəxs avtomobilini duracaqdan çıxarmaq istəyərkən DYPŞ-nin inzibati binasının həyətində səs-küy salaraq ucadan nalayiq söyüşlər söydüyünü və polis əməkdaşlarının dəfələrlə onu sakitləşdirmək cəhdlərinə baxmayaraq onların qanuni tələblərinə məhəl qoymadığını bildirmişdir. Hadisə zamanı Şəxs gözlərinin qızartısı və hərəkətləri narkotik vasitənin təsiri altında olması şübhələri yaratdığından o, dispanserdə müayinə edilmiş və nəticədə onun sidiyində THC (marixuana) aşkar edilmişdir. Daha sonra onun barəsində Azərbayan Respublikası İXM-in 206 və 333-1.1, 510, 535.1-ci maddələri raport əsasında tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, o, 2-ci Qarabağ müharibəsi iştirakçısı və 3-cü qrup əlildir. O, daha sonra bildirmişdir ki, 26 avqust 2024-cü il tarixdə saat 10 radələrində avtomobilini duracaqdan çıxartmaq üçün Gəncə şəhər DYPŞ-nin inzibati binasına getmiş, orada polis əməkdaşları ona yaxınlaşaraq avtomobilinə cərimə yazıldığını bildirmişlər. Duracağın növbətçisi avtomobilə etibarnamənin müddəti bitdiyi üçün buraxa bilməyəcəyini bildirmişdir. Daha sonra onunla polis əməkdaşları arasında mübahisə baş vermiş və polis əməkdaşları onu 1-ci polis şöbəsinə dəvət etmişlər. O, ifadəsində narkotik vasitədən ağrı kəsici kimi istifadə etdiyini bildirərək əməlindən peşman olduğunu nəzərə alınmasını və bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə dair söz verərək barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 26 avqust 2024-cü il tarixli, 3364/2024 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidik nümunəsindən THC (marixuana) aşkar edilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanserinin 27 avqust 2024-cü il tarixli 1439 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - 27 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM 206, 333-1.1, 510, 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Gəncə şəhər 1-ci PŞ-nin İTB-nə və YPQ-na göndərilmişdir. - 27 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs 27 avqust 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 206, 333-1.1, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, narkotik vasitə istifadə etməsi, həmçinin psixotrop maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsi İXM-in 206, 333-1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in dörd müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşmançılığını, 2-ci Qarabağ müharibəsi iştirakçısı və 3-cü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1, və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 300 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində daha ciddi xətaya, yəni İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3130/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3130/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver