Məhkəmə qərarları › İş №3(125)-3132/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3132/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3132/2024 02.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 327.1, 332.1, 332.4– cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə ŞBPİ DYPŞ-nin polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.4–cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00-da “Opel Astra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.1, 332.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş DYPŞ-nin polis leytenantı X4 protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Gəncə şəhəri, Təbriz küçəsində sürücülük hüququ olmadan idarə etdiyi “Opel Astra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Vaz 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Şəxs avtomobili lizinqlə almış, lizinqi ödəmədiyindən ondan avtomobil geri alınmışdır. O, hazırda sığorta şirkəti tərəfindən 1050 manat dəymiş ziyanın zərərçəkmiş şəxsə ödənildiyi bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs manevr qaydalarını pozduğunu etiraf edərək idarə etdiyi “Opel Astra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Təbriz küçəsində hərəkətdə olan zaman qarşıdan gələn “Vaz 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. İfadəsinin sonunda o, ödənişi lizinq şirkətinə ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Opel Astra” minik markalı, **-KL- *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə Gəncə şəhəri, Təbriz küçəsində baş vermişdir. Sxemi sürücülər İ. Nəcəfov və A. Qarayev imzalamışlar. -“Qüsur aktından” görünür ki, X3 məxsus “Vaz 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə (1 ədəd sol qanad-100 manat, 1 ədəd dönmə işığı-100 manat, dəmirçi-200 manat, rəngsaz-400 manat, çilingər-50 manat) ümumilikdə 850 (səkkiz yüz əlli) manat zərər dəymişdir. - zərərçəkmiş X2 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində ona məxsus olan “Vaz 2101” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təbriz küçəsində hərəkətdə olarkən qarşıdan dayanıb hərəkətə başlayaraq yoluna çıxan “Opel Astra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun beşinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs sürücülük və idarəetmə hüququ olmadan “Opel Astra” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin tələblərini pozması nəticəsində hər iki nəqliyyat vasitələri toqquşmuş, nəticədə hər iki avtomobilə zərər dəymişdir. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərər çəkmiş ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.1 və 332.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar