Məhkəmə qərarları › İş №3(125)-3133/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3133/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3133/2024 28.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206, 510, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:05 radələrində narkotik vasitənin təsiri altında avtomobili idarə edərək xuliqanlıq hərəkətləri edib polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Azərbayan Respublikası İXM-in 206, 510, 535.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 izahat verərək bildirdi ki, Şəxs təhlükəsiz kəmərindən istifadə etməməsi səbəbindən DYP əməkdaşları tərəfindən saxlanılmış və bu zaman onun hərəkətləri narkotik vasitənin təsiri altında olması şübhələri yaratdığından yol polisi əməkdaşları tərəfindən Narkoloji Dispanserə dəvət edilmişdir. O, müayinəyə getməkdən imtina etərək polis əməkdaşlarına müqavimət göstərmiş, nalayiq ifadələrlə ictimai qaydanı pozduğu və tebsizlik etdiyi üçün saxlanılaraq 1-ci PŞ-nə təhvil verilmişdir. Daha sonra isə Narkoloji Dispanserdə müayinə zamanı sidiyində narkotik THC (marixuana) aşkar edlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək çıxışında avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyini etiraf etmiş və həmin vaxt müayinədən keçmək istəmədiyini polisə bildirmişdir. Bundan sonra polislərlə arasında mübahisə yaranmışdır. Sonda o, əməlindən peşmançılığını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu, səhhətində ciddi problemlərin olduğunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-in 206, 510, 535.1 və 333-1.1ci maddələrinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci polis şöbəsinin İTB-nə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli, 3030/2024 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” protokolundan məlum olurki, Şəxs sidiyində narkotik THC (marixuana) aşkar edlmişdir. - Gəncə şəhəri Narkoloji Dispanserinn xx.xx.2024-cü il tarixli № 1449 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - 27 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 206, 510, 535.1 və 333- 1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, narkotik vasitə istifadə etməsi, həmçinin psixotrop maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsi İXM-in 510, 535.1, 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in dörd müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510, 535.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar