Məhkəmə qərarları › İş №3(125)-3133/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3133/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3133/2025 22.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, tələbkar X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2349/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 20134 manat və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs tələbkara bu günə qalıq borcu 16861 manat təşkil edir. Borclu barəsində xx.xx.2025-ci ildə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 08 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolun məzmununa uyğun çıxış edərək, borclu Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs çıxışında maddi imkanının ağır olduğunu, borcu yalnız hissə-hissə ödəyə biləcəyini, lakin tələbkar borcu tam şəkildə tələb etdiyi üçün ödəniş edə bilmədiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 çıxışında borclu Şəxs vaxtın verilməsinə etiraz edərək borcun tam həcmdə ödənilməsini tələb etmiş və onun dediklərinə inanmadığını, dəfələrlə yalan danışmasını bildirmişdir. Sonda isə Şəxs barəsində maksimum, yəni 2 ay müddətinə inzibati həbs tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan: - 22 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokoldan və ona əlavədən görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2349/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkara bu günə qalıq borcu 16861 manat təşkil edir. - xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 xx.xx.2016-cı il tarixdə icraatına daxil olmuş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2349/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini icraatına qəbul etmişdir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-1148/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan çıxarışından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. - Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs tənbeh aldıqdan sonra il ərzində təkrarən eyni icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)- 1148/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati tənbeh aldıqdan sonra da maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan ödəniş etməyərək eyni icra sənədi üzrə tələbi icra etməmişdir. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcun bir hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə maddi imkanı olmadığını və tələbkarın borcu tam istədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 22 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 22 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar