Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3134/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, DİN-nin BDYPİ-nin nümayəndəsi X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli EQ 23134514 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, protokolda qayda pozuntusunun baş vermə saatı 18:27 göstərilmiş və protokola sübut kimi əlavə edilən şəkillərdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı çox bulanıqdır və dəqiq əks olunmamışdır. Nəzərə çatdırmışdır ki, həmin saatda şəhərdə olmamışdır. 20:00 radələrində o Mingəçevirdə olduğunu və oradan geri qayadan zaman saat 20:11-də sürət həddini cüzi aşdığı üçün radara düşdüyünü, həmin radara görə də Asanpay kabinetinə göndərilən foto və video sübutun üzərində qeyd olunan zaman və məkan da bunu təsdiq edir, ikincisi, Nizami prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində müvafiq qurum tərəfindən aparılan sonuncu nişanlanma standartlarına uyğun aparılmamış və buda sürücülərin kütləvi şəkildə qeyri ixtiyarı qayda pozmasına və yolayrıcındakı TŞ kamerası vasitəsilə qeydiyyat aparılaraq cərimələnməsinə səbəb olur. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X4 çıxışında şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında DİN-nin BDYPİ-nin nümayəndəsi X2 çıxışında Həsən Qasımovun avtonəqliyyatı ilə hərəkətdə olarkən qoşa xətti ayaqladığı üçün cərimə yazıldığını bildirərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Azərbaycan Respublikasının Daxili işlər BPİ-nin DYPİ-nə göndərilməlidir. Çünki şikayətçinin inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin məlumatları barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Şikayətə əlavə edilmiş EQ 23134514 saylı xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarda kameranın nömrəsi qeyd olunsa da, tipi, markası və modeli qeyd edilməmiş, habelə qərar qəbul edən vəzifəli şəxs tərəfindən elektron imza vasitəsi ilə imzalanmamışdır. O cümlədən, qərarda inzibati xətanın aşkar edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin məlumatları barədə heç bir məlumat göstərilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi sorğu verilərək X4 barəsində tərtib edilmiş xx.xx.2024-ci il tarixli EQ 23134514 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş materialların məhkəməyə təqdim edilməsi tələb edilsə də, sorğuya cavab verilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan xx.xx.2024-ci il tarixli EQ 23134514 nömrəli inzibati ənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X4 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23134514 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3134/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3134/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver