Məhkəmə qərarları › İş №3(125)-3135/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3135/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3135/2025 09.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30109843 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək EQ 30109843 nömrəli protokol əsasında barəsində tətbiq olunmuş inzibati cərimə və cərimə ballarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 17:01:33-də, EQ30109843 nömrəli inzibati protokol əsasında onun barəsində 150 manat məbləğində inzibati cərimə və 4 cərimə balı tətbiq edilmişdir. Sözügedən protokol əsassız hesab olunmalıdır. Belə ki, illərdir Gəncə şəhəri, Mirzə Abbaszadə küçəsi (Mərkəzi poçtun qarşısı) birtərəfli yol olmuşdur. Lakin son günlərdə aparılan yenidənqurma işləri nəticəsində asfalt örtüyü yenilənmiş, yeni xətlər çəkilmiş, lakin yol xətlənməsi tam aparılmamışdır. Bununla yanaşı, küçənin birtərəfli yoldan ikitərəfli yola keçirilməsi barədə müvafiq yol nişanları da quraşdırılmamışdır. Nəticədə o, Gəncə sakini olaraq, bu yolu əvvəlki qaydada - birtərəfli yol kimi yadda saxlamışdır. Yolun xətlənməsini gördükdə tərəddüd etsə də, nişanların olmaması və xətlərin düzgün çəkilməməsi səbəbindən hərəkətini davam etdirmişdir. Əlavə olaraq, məlumdur ki, bəzi hallarda qoşa xətt ikitərəfli hərəkəti ifadə edə bilər, lakin həmin küçədə o, bu xətti birtərəfli yol kontekstində qəbul etmişdir. Çünki qarşı istiqamətdə hərəkət zolaqlarında “STOP” xətti, piyada keçidi işarələri və digər məhdudlaşdırıcı nişanlar olmadığı üçün yoluna davam etməyində hər hansı hüquqi və faktiki məhdudiyyət olmadığını hesab etmişdir. Hətta videomaterialda da göründüyü kimi, qarşıdan gələn nəqliyyat vasitəsinin işarəsi ilə dərhal sağ tərəfə keçmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, tətbiq edilmiş cərimə inzibati orqanın yol hərəkəti təhlükəsizliyinə dair tələbləri düzgün icra etməməsi nəticəsində meydana gəlmişdir və onun hərəkətində inzibati xəta tərkibi yoxdur. Tərəflərin mövqeyi: Məhkəmə iclasında X3 çıxışında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Həmçinin əlavə olaraq etdi ki, həmin yolda uzun müddətdir ki, hərəkət bir istiqamətli olmuşdur. İnzibati xəta baş verən gün o, Bakı şəhərindən gəldiyi üçün yolda hərəkətin hər iki istiqamətdə təşkil edilməsindən xəbəri olmamış və onda formalaşmış vərdişə uyğun olaraq elə zənn etmişdir ki, yol yenə bir istiqamətlidir. Təqdim etdiyi video görüntülərdən də göründüyü kimi, o sola döndükdən bir qədər sonra qarşıdan gələn nəqliyyat vasitəsinin işarəsi ilə dərhal sağ tərəfə keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında qərar qəbul etmiş AR DİN-in Baş X6 İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30109843 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Nissan Sunny” minik markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat cərimə edilmişdir. -DVD diskdə olan video görüntülərdən görünür k,i X1 şəhəri H.Əliyev prospektindən sola yəni Gəncə şəhəri M.Abbaszadə küçəsi istiqamətdində dönmüş, daha sonra əks istiqamətli yolda hərəkət etmiş, qısa müddət sonra qarşıdan gələn avtomobilin xəbərdalığından sonra öz hərəkət zolağına qayıtmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin məcəllənin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin məcəllənin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəlləni 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək icraata xitam verilməlidir. İlk öncə Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın tərkib əlamətlərinə, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət daxildir. İnzibati xətanın subyektiv cəhəti şəxsin törətdiyi əmələ pisxi münasibətidir. Subyektiv cəhətdən əməl qəsd və ehtiyatsızlıq formasında törədilə bilər. İnzibati xətalara dair qanunvericiliyin tələbləri baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən inzibati xətadır. Yəni qeyd edilən inzibati xətaya yol verən şəxs 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Lakin, işin mübahisəsiz halı ondan ibarətdir ki, yuxarıda qeyd edilən yol uzun müddət, bir istiqamətli yol kimi müəyyən olunmuş, yerli əhalinin vərdişləri bu yöndə formalaşmışıdr. Qəfildən həmin yolda hərəkətin hər iki istiqamət üzrə təşkil edilməsi yerli sakinlərdə çaşqınlıq yaratmışdır. İş materiallarına əlavə olunmuş video görüntülərdəndə görünür ki, inzibati xəta törətmiş şəxs sola dönüb hərəkət edikdən sonra ona aydın olmuşdur ki, yolda hərəkət hər iki istiqamətə təşkil edilmiş və o əks itiqamətli yolda hərəkət edir. O, bunu dərk etdikdən dərhal sonra öz hərəkət zolağına keçmişdir. Qeyd edilən hal onu deməyə əsas verir ki, X3 həmin inzibati xətanı qəsdən törətməmişdir. Belə olan halda inzibati xətanın zəruri tərkib elementlərindən olan, təqsir (yəni qeyd edliən inzibati xətaya münasibətdə qəsd) öz mövcud deyildir. Qanunvericiliyin yuxarda qeyd edilmiş tələbindən göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 qeyd edilən inzibati xətanı qəsdən törətməmişdir və bu səbəbdəndə onun əməlində inzibati xəta tərkibi yoxdur. Beləliklə təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30109843 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30109843 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 əməlində inzibati xəta tərkibi olmadığından həmin iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar