Məhkəmə qərarları › İş №3(125)-3136/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3136/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3136/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iş üzrə şahidlər – X8, X12, X5 və X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis mayoru Faiq Quliyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 29 avqust 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Asif Əliyev tərəfindən 29 avqust 2024cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən Şəxs Adıgözəl oğlu Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 150 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan Şəxs Adıgözəl oğlunun müdafiəçisi X6 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-476/2024 saylı Qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli Qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə ŞBPİ 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis mayoru X9 çıxışında protokolu müdafiə edərək Şəxs Adıgözəl oğlunun hadisə zamanı müqavimət göstərdiyi video görüntüləri məhkəməyə təqdim edərək onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, 29 avqust 2024-cü il tarixdə dostunun idarə etdiyi avtomobildə olarkən dövlət yol polis şöbəsinin əməkdaşları avtomobili saxlatdıraraq onlardan sərxoş olub olmadıqlarını soruşmuşlar. Ruslan da “hə” cavabı verdikdə DYPŞ əməkdaşları onları şöbəyə dəvət etmişlər. Sürücü Ruslan isə Laçında işlədiyini nəzərə çatdıraraq avtomobilin orada qalmasını bildirdikdə polislərlə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı polis əməkdaşları Ruslanı döymüşlər. Polislər Ruslanı döydükləri üçün o, haray salmış və polisdən Ruslanı niyə döydüklərini soruşmuşdur. Bundan sonra Mürşüd adlı şəxs onun başına vurmuş və o, xəsarət almışdır. Daha sonra polislər Ruslanı aparmış, o isə xəsarət aldığı və alnından qan axdığı üçün qardaşını hadisə yerinə çağırmışdır. Daha sonra qardaşı ilə xəstəxanaya getmişdir. Onlar xəstəxananın həyətində olan zaman polis patrul xidmətinin əməkdaşları ora gələrək onu polis şöbəsinə aparmışlar. Sonda isə o, heç bir ictimai qaydanı pozmadığını və polisə müqavimət göstərmədiyini, əksinə polislər tərəfindən döyüldüyünü bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X8 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ekipaj yoldaşı Rzayev Yunislə xidmətdə olarkən “CHEVROLET NİVA” markalı **-ZH-*** dövlət qeydiyyatlı avtomobilə saxla əmri vermiş və bu zaman sürücü əmrə tabe olmayaraq avtomobili arxaya vermişdir. Onlar maşının arxasınca getmiş və sürücünü saxlamışlar. Özünü sürücüyə təqdim etdikdən sonra sürücünün və yanında olan sonradan adını bildiyi İntiqam adlı şəxsin sərxoş vəziyyətdə olması şübhə doğurduğu üçün onları müayinəyə dəvət etmişlər. Bu zaman hər iki şəxs avtomobildən düşərək səs-küy salmış və ünvanlıünvansız nəlayiq söyüşlər işlədərək ətrafdakı şəxslərin diqqətini çəkmişlər. Daha sonra o və digər polis əməkdaşı sürücünü müayinəyə aparmaq istəyərkən İntiqam onlara müdaxilə edərək müqavimət göstərmiş və polisin qanuni tələbinə tabe olmamışdır. O daha sonra qeyd etmişdir ki, hər iki şəxs sərxoş olduğu və müqavimət göstərdikləri üçün məcbur qalaraq Polis patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışlar. Bir müddətdən sonra onlar sürücünü, PPX-nın əməkdaşları isə İntiqamı 1-ci Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. O, ifadəsinin sonunda nə İntiqama nə də sürücüyə qarşı hər hansı fiziki güc zər tətbiq etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X12 çıxışında X8 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İntiqam onun qohumudur. xx.xx.2024-cü il tarixdə İntiqamın qardaşı Dağları ona zəng edərək İntiqamın sərxoş halda olmasını və xəsarət aldığını bildirmişdir. Onlar hər iki İntiqamın olduğu ünvana getmiş və onun qan içində olduğunu görmüşlər. Daha sonra İntiqamı 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanaya çatan zaman post patrul xidmətinin əməkdaşları oraya gələrək İntiqamı polis şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İntiqam onun qardaşıdır və xx.xx.2024-cü ildə qohumu ilə İntiqamın yanına gəldikdə onun qan içində olduğunu görmüşlər. Daha sonra İntiqamı 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxananın qabağına çatan kimi post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq İntiqamı zorla 1-ci şöbəsinə aparmışlar. İfadəsinin sonunda o, Yunis və Mürşüd adlı polis əməkdaşlarının qardaşını döydüklərini bildirmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 01:30-da inzibati qaydada tutulmuşdur. - Gəncə şəhər Məhkəməsinin 3(125)-3136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, alahov İntiqam Adgözəl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-476/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətin təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 3(125)-3136/2024 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. - məhkəməyə təqdim edilmiş DVD diskdə olan video görüntüdən məlum olur ki, Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq ona təpik ataraq müqavimət göstərmişdir. - xx.xx.2024-cü il tarixli, 3(125)-3137/2024 saylı Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilmiş məktubda bildirilmişdir ki, Şəxs Adıgözəl oğlunun və X3 polis əməkdaşları tərəfindən işgəncəyə, şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar