Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3150/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 23118770 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xx.xx.2024-cü il tarixli, EQ 23118770 nömrəli elektron qərarın ləğv edilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli EQ 23118770 saylı elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Gəncə şəhər, Atatürk prospektində “Mercedes Benz” minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşısındakı avtomobillər anidən dayandığından instiktiv olaraq dayanmış və yenidən yoluna davam etmişdir. Belə ki, elektron qərarda təsvir olunan şəkildə avtomobillərin görüntüsü buna əsas verir. Hesab edir ki, barəsində yazılan cərimə əsassızdır. Çünki o, həmin yerdə avtomobilini park etməmiş və maşından düşməmişdir. Həmçinin qərarda inzibati xətanın D10BE1F58C49EA4C nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, Gəncə Təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Bu kamera İXM-in 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt dövlət yoxlamasında keçməsini təsdiq edən sənədin nömrəsi və tarixi eləcədə növbəti dövlət yoxlamasından keçirilməli olunduğu vaxt göstərilməmiş, xanaların bəziləri boş buraxılmışdır. Sadəcə maşının nömrəsini çəkməklə hesab edilir ki, guya həmin qaydanı pozmuşdur. Odur ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23118770 nömrəli elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X3 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 23118770 nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:44 radələrində Gəncə şəhər, Atatürk prospektində X2 məxsus “Mercedes Benz” minik markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil durma qaydalarını pozulmasına görə, yəni Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində EQ 23118770 nömrəli elektron qərar qəbul olunmuş, o, inzibati xətanın tərədilməsində təqsirli bilinərək ona 80 (səksən) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün səbəb olan dayanma və ya durma qaydasını pozmaq və s. inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli EQ 23118770 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli və s. göstəriciləri qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi Abbas Məmmədovun inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da onun inzibati xətanı törətməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə göndərilən sorğuya cavab olaraq inzibati xətaya aid foto və ya video görüntülər, həmçinin başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X1 dayanma-durma qaydalarının pozulması və ya digər pozuntu törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23118770 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili işlər nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23118770 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3150/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3150/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver