Məhkəmə qərarları › İş №3(125)-3161/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3161/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3161/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxsin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, 1-ci mik., 29/13 ünvanında qeydiyyatda olan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,40 misli həddində sabit pul məbləğində alimentin alınaraq X4 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 2880 manat aliment borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 protokolda göstərilənlərlə eyni məzmunu izahat verərək borclunun barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, maddi imkanı zəif olduğundan aliment ödəyə bilmir, hazırda işləmir, lakin iki-üç gündən sonra fəhlə kimi işləməyə başlayacaq. Ölkəyə gələndən bəri uşaqlarını görməmişdir. Əvvəllər uşaqlarını görməyə getsə də, uşaqlar onunla görüşmək istəməmişdir. Yığılan aliment borcu ilə razıdır, həmin alimenti ödəmək onun vəzifəsidir. Odur ki, bunları nəzərə alıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmişin nümayəndəsi (anası) izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bugünədək aliment ödənişi həyata keçirməmişdir, təxminən yeddi ildir ki, ailəsini qoyub getmişdir. Hazırda qızı onkoloji xəstədir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uşaqları ilə ümumiyyətlə maraqlanmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu ayın 12-də 200 manat aliment ödənişi həyata keçirmiş, yığılmış alimenti az-az ödəyəcəyinə söz vermişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsi, zərərçəkmişin nümayəndəsini və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, 25 avqust 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqinin surətindən görünür ki, Şəxs ilə X2 birgə nikahından 24 iyul 2013-cü il tarixdə doğulmuş X7, 21 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 25 iyun 2018-ci il tarixdə doğulmuş X6 adlarında yetkinlik yaşına çatmayan üç uşağın valideynlərinin boşanmasından sonra anaları X2 yanında qalmaları müəyyən edilməli, Şəxs ilə X2 birgə nikahından 24 iyul 2013-cü il tarixdə doğulmuş X7, 21 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 25 iyun 2018-ci il tarixdə doğulmuş X6 adlarında yetkinlik yaşına çatmayan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 fevral 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,40 misli həddində sabit pul məbləğində aliment Şəxs alınaraq, X4 verilməli, qətnamə alimentlə bağlı olan hissədə dərhal icra edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddianın aliment tələbi hissəsi üzrə ödənilməli olan 77.60 (yetmiş yeddi) manat 60 qəpik məbləğində dövlət rüsumu Şəxs alınıb dövlət büdcəsinə ödənilməlidir. -xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 2091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən və qərəzli olaraq icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan ödənişlər etmiş və ödəməkdə də davam edir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs qətnamənin icrasından üzrsüz səbəbdən yayınması sübuta yetirilmir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, təqdimata əlavə edilmiş sənədlərdən və icra işindən görünür ki, icra sənədinin icrası zamanı borclunun əmlakı barədə müvafiq qurumlara sorğular verilmiş, onun adına daşınar və daşınmaz əmlakların olmaması, pensiya və sosial müavinət almaması, banklarda pul vəsaitinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz və qərəzli səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar