Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3162/2024 03.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) Kazımova (Quliyeva) Günel Elxan qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 02 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2831/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Kazımova (Quliyeva) Günel Elxan qızına ödənilməlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2831/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmiş icra hərəkətləri nəticəsində aliment borcunu ödəmədiyi üçün onun barəsində 02 sentyabr 2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, həmçinin ərizə təqdim edərək, bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2831/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən onun 4350 (dörd min üç yüz əlli) manat aliment borcu yaranmışdır. Onun aliment borcunun ödənilməsindən yayınmaq niyyəti yoxdur. Hazırda o, aliment borcundan 2000 (iki min) manat ödəniş etmiş və qalan aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmiş və həmin aliment borcunu hər ay hissə-hissə olmaqla ödəyəcəyinə söz verir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Kazımova (Quliyeva) Günel Elxan qızı məhkəməyə izahat verərək və ərizə təqdim edərək, bildirdi ki, hazırda Şəxs 4350 (dörd min üç yüz əlli) manat aliment borcundan 2000 (iki min) manat ödəniş etmiş və qalan aliment borcunun hər ay hissə-hissə olmaqla ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2831/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1952/2014 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2831/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 (on) gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlıq göndərilmiş, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat və xx.xx.2024cü il tarixdə 1700 manat, ümumilikdə 2000 (iki min) manat məbləğində pul Kazımova (Quliyeva) Günel Elxan qızının hesabına köçürülmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcunu vaxtında ödəmədiyi üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlı İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs aliment borcundan 2000 (iki min) manat ödəniş etməsi və qalan aliment borcunun ödənilməsi ilə bağlı tələbkarla qarşılıqlı razılığa gəlməsi onun barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3162/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3162/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver