Məhkəmə qərarları › İş №3(125)-3165/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3165/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3165/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində, sürücü Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “VAZ-2109” minik markalı **- BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Gəncə şəhəri, 28 may küçəsində yolun boş olmasına diqqət yetirmədən yolu sağ tərəfindən sol tərəfinə düzünə hərəkət edən zaman Gəncə şəhəri, 28 May küçəsi ilə düzünə hərəkətdə olan sürücü X1 hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” minik markalı **-KU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ ön hissəsi ilə toqquşmuş, nəticədə Şəxs dərəcələri təyin edilməyən bədən xəsarəti və X3 yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla da o, İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Həmin qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir, barəsində inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, o, “VAZ 2109” minik markalı **- BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində o, tək özü idarə etdiyi “VAZ 2109” minik markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Böyük Ucuzluq” Mağazasının sol yan tərəfindən hərəkət edərək yolun hərəkət hissəsinə çıxarkən Gəncə şəhəri, 28 May küçəsi ilə “X9" istiqamətində hərəkətdə olan adı sonradan ona məlum olan X3 idarə etdiyi “Fiat Doblo” minik markalı **-KU-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə onun avtomobili toqquşmuşdur. Sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər və onlar sərxoşluq müayinəsindən keçmişlər və onun ayıq olması müəyyən olunmuşdur. Baş vermiş yolnəqliyyat, hadisəsi zamanı o, xəsarət aldığı üçün Gəncə şəhər TTY xəstəxanasına müraciət etmişdir. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 26 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, sürücü Şəxs nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 09 avqust 2024-cü il tarixli 1107 nömrəli rəyindən görünür ki, vətəndaş X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki said nahiyələrinin yaraları - KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 05 avqust 2024-cü il tarixli, 3096/2024 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş AC 616435 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X10 Qanunun tələblərini pozaraq inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyədək və məhkəmədə verdiyi etirafedici izahatı və digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar