Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3166/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 23246145 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə telefon nömrəsinə gələn “sms” vasitəsilə xəbər tutmuşdur ki, barəsində İXM-nin 327.2-ci maddəsi ilə tamamilə əsassız hesab etdiyi inzibati qərar qəbul edilmişdir. Qərarın surətini Gəncə şəhər YPİ-dən alıb tanış olduqda məlum olmuşdur ki, Gəncə şəhəri, Nizami prospektində idarə etdiyi **-CT-*** nömrəli avtomobil ilə hərəkətdə olarkən üfiqi nizamlama xəttinin üzərindən keçdiyinə görə barəsində həmin qərar qəbul edilmişdir. O, maddi hüquq normasının düzgün tətbiq edilməməsinə əmindir. Fotodan zahirən pozuntu kimi görsənsə də, əslində baş verən hal qeyd edilən maddi hüquq normasının təsir dairəsinə düşmür. İnzibati xəta hadisəsi baş verməmişdir. Maddi hüquq normasında nəzərdə tutulduğu kimi, yəni avtomobili ilə üfüqi nizamlama xəttinə çıxaraq sola və ya geriyə dönməmiş və maneəni kənardan keçməmişdir. Sərbəst hərəkəti davam etdirərkən bilmədən xəttin üzərinə çıxmış, lakin maddi hüquq normasında qətiyyən bu hal nəzərdə tutulmamışdır. Qeyd edilən kəsişmədə yolayrıcı və xətlərin çəkilməsi elə düzəlib ki, əvvəldə düz gələn yol, yolayrıcını keçən kimi qəfil burulur və sağa manevr etməkdən çəkinmə nəticəsndə bir də fərqinə varırsan ki, xəttin üzərindən keçirsən. Şəkildə bunu qətiyyən müşahidə etmək mükün deyil. Yerində praktiki hərəkətlə müşahidə zamanı buna tam əmin olmaq olar. Məsələ burasındadır ki, maddi hüquq normasında qeyd edilmiş "əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə" pozuntusunun guya olması iddia edilirsə, avtomobillə əks istiqamət zolağına çıxmamış və çıxmış olmağı fərz edilsə belə, məhz maddədə qeyd edildiyi kimi "ötmə və ya manevr etmə" olmamışdır. Əks istiqamət zolağına çıxmağa görə isə başqa müddəalar var. Məhz bu maddədə "1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə" pozuntusunun baş verməsi iddia edilirsə, maddi hüquq normasında yalnız xəttin üzərinə çıxmaq deyil, eyni zamanda sola və ya geriyə dönmə və ya maneəni kənardan keçmə nəzərdə tutulmuşdur. Yəni qeyd edilən halların heç biri baş verməmişdir. Sadəcə xəttin üzərinə çıxmağa görə 100 manat cərimə və 3 bal inzibati tənbeh qanunvericilkdə nəzərdə tutulmamışdır. Gündəlik sürücülük praktikasında istəristəməz məcburiyyətdən və ya diqqətsizlikdən, bilmədən xəttin üzərinə çıxılması halları adi haldır və qanunvericilkdə sadəcə xəttin üzərinə çıxmaq inzibati tənbehlə cəzalandırılmır. Xətti məhz müəyyən bucaq altında kəsərək sola vəya geriyə dönmək, maneəni kənardan keçmək isə tamamilə başqa məsələdir və bu zaman yaranan təhlükələri önləmək üçün inzibati qanunvericilikdə tənbehlər nəzərdə tutulmuşdur. Həmçinin yalnız əks istiqamət zolağına çıxaraq avtomobil axınının əksinə hərəkət etməkdən söhbət gedirsə, bu barədə də başqa maddi hüquq norması tətbiq edilir. O, isə hərəkətdə olduğu düz yolu keçərkən qarşısında qəfil əyilən yolda sağa manevr etməkdən və qəfil əyləcdən istifadə etməkdən çəkinərək düz xətt boyunca (dönmədən) xəttin üzərinə çıxmalı olmuş və dərhal da avtomobili ehtiyatla sağa meyilləndirmişdir. Xətti kəsərək sola və ya geriyə dönməmiş və maneəni kənardan keçməmişdir. Avtomobili idarə edərkən xəttin bu cür əyiləcəyini görmək həqiqətən çətindir, kamera təxminən 10 metr hündürlükdən çəkdiyi üçün belə təəssürat yaranır ki, hər şey yaxşı görünür. Lakin sürücü bu cür ətraflı görüş bucağına malik deyil. Həmçinin foto görüntü məsələni tam aydınlığı ilə göstərmir. Videogörüntü olsaydı, bəlkə də daha yaxşı aydın olardı. Düşünür ki, qarşısında onun hərəkətdə olduğu istiqamətdə, digər yoldan və ya sola dönən avtomobillərin qarşısını kəsməsi nəticəsində və ya başqa səbəbdən yolun burulmağını gec anlamış ola bilər. Hətta fotonu perpendikulyar tutaraq baxanda da görmək olur ki, avtomobil ehtiyatla sağa meyillənmişdir. Belə ki, xəttin üzərinə çıxdığını görən kimi ehtiyatla sağa çəkərək yola düzəldiyi görünür. Bir daha qeyd edir ki, maddi hüquq normasında nəzərdə tutulduğu kimi avtomobillə üfüqi nizamlama xəttinə çıxaraq sola və ya geriyə dönməmiş və maneəni kənardan keçməmişdir. Sərbəst hərəkəti davam etdirərkən bilmədən xəttin üzərinə çıxmış və qeyd edilən maddi hüquq normasında bu hal nəzərdə tutulmamış, inzibati xəta baş verməmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki, məhkəmə tərəfindən DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilərək iş üzrə onlarda olan sübutların təqdim edilməsi tələb edilsə də, sorğuya cavab verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə “Volkswagen Passat” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli qərarla X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23246145 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3166/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3166/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver