Məhkəmə qərarları › İş №3(125)-3167/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3167/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3167/2024 21.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs etibarnamə əsasında idarə etdiyi və sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, Kəpəz rayonu, M.C.Paşayev 76 ünvanında yerləşən "Daşqın" inşaat malları bazarında yoxlayıcı orqan olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsi tərəfindən təyin edilmiş xx.xx.2024 -xx.xx.2024-cü il tarixli plandankənar yoxlamanın həyata keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-4-cü maddəsi ilə sahibkarın vəzifəsi kimi müəyyən edildiyi halda yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən həmin Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri), etibarnamə, vergi ödəyici məlumatlarını yoxlayıcı orqana təqdim etməmiş, sahibkarlıq obyektində fəaliyyətin dayanması barədə yalan məlumat verərək yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmamış, bununla da, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə mane olaraq inzibati xətanı törətmişdir. Gəncə şəhər prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyetinin mülkiyyətçisi X2r. O, etibarnamə əsasında həmin obyektin mülkiyyətçisi X1 nümayəndəsidir. Daha sonra o, bildirmişdir ki, mülkiyyətçi T.Rəhimov həmin obyekti "xxxx" TR MMC-yə icarəyə versə də, 26 aprel 2024-cü il tarixdə mülkiyyətçi T.Rəhimov ilə "xxxx" MMC ilə arasında icarə müqaviləsinə xitam verilmişdir. O, plandankənar yoxlama vaxtı "xxxx" MMC-də işləmədiyini və hazırda həmin ərazidə (Daşqın inşaat bazarında) icarə müqaviləsi əsasında "xxxx" MMC fəaliyyət göstərdiyini qeyd etmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixdə keçirilmiş plandankənar yoxlama haqqında qərarın "xxxx" MMC barəsində olduğu üçün Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarına "xxxx" MMC ilə müqaviləyə xitam verilməsini və artıq həmin ərazidə "xxxx" MMC-nin fəaliyyət göstərdiyini bildirmiş və ona görə də həmin ərazidə yoxlama keçirməyə şərait yaratmamışdır.Çünki artıq həmin ərazidə artıq "xxxx" MMC fəaliyyət göstərməyə başlamışdır. Sadəcə olaraq o, həmin vaxtlarda təhvil-təslim işləri aparıldığından mülkiyyətçinin nümayəndəsi kimi əraziyə nəzarət etmişdir. O, barəsində icraat aparılmalı şəxs olmadığını qeyd edərək haqqında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dirdirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər "xxxx" MMC–yə, hazırda isə "xxxx" MMC-yə rəhbərlik edir. O, 1 may 2024-cü ildə "xxxx" MMC ilə mülkiyyətçi Tahir Rəhimov arasında icarə müqaviləsi bağlandığını və Şəxs mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi kimi tanımışdır. Daha sonra bildirmişdir ki, keçirilən plandankənar yoxlamadan xəbəri olmuş və mülkiyyətçi T.Rəhimov ilə "xxxx" MMC-nin arasında olan müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verildiyini yoxlama keçirilən zaman telefon vasitəsilə əməkdaşlara bildirmişdir. O, plandankənar yoxlama aparılan zaman Daşqın inşaat bazarında icarə müqaviləsi əsasında "xxxx" MMC-nin fəaliyyət göstərdiyini və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər yeni icarəçi ilə köhnə icarəçi arasında olan təhvil-təslim prosesləri getdiyini və həmin dövrdə inşaat mallarının satışı bazarında fəaliyyət olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 çıxışında bildirmişdir ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr xidmətinin çıxarışı əsasında "xxxx" MMC barəsində Plandankənar yoxlamada iştirak etmişdir. Yoxlama zamanı Şəxs nazirliyin əməkdaşlarına artıq həmin ərazidə "xxxx" MMC-nin fəaliyyət göstərmədiyini və mülkiyyətçinin "xxxx" MMC ilə arasında olan icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verdiyini və hazırda həmin ərazidə "xxxx" MMC-nin fəaliyyət göstərdiyini bildirərək yoxlamaya şərait yaratmamışdır. Odur ki, məsələ ilə bağlı prokurorluğa ərizə ilə müraciət edilmişdir. Məhkəmə iclasında Şahid3 Fəxrəddin oğlu çıxışında bildirmişdir ki, 13 mart 2024-cü il tarixdə "xxxx" MMC-də yoxlama keçirilən zaman pozuntular aşkar olunduğu üçün Şəxs İXM-nin 518.1-ci maddəsi ilə vəzifəli şəxs qismində cərimələnmiş və onun tərəfindən cərimə ödənilmişdir. Növbəti dəfə isə xx.xx.2024-cü il tarixdə əvvəlki yoxlamada göstərilmiş nöqsanların nəticələrinin öyrənilməsi üçün növbədənkənar yoxlama zamanı Şəxs onları qarşılayaraq "xxxx" MMC-nin artıq fəaliyyət göstərmədiyini bildirmiş və "xxxx" MMC-nin rəhbəri Şahid1 əlaqə saxlamış, həmin şəxsdən icarə müqaviləsinə xitam verilməsinə dair sənədin Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarına təqdim edilməsini bildirmişdir. Daha sonra isə “whatsapp” proqramı vasitəsi ilə vergi orqanından arayışı və mülkiyyətçi ilə "xxxx" MMC-nin arasında olan müqavilənin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli xitam müqaviləsi ona göndərilmişdir. Bundan sonra isə rəhbərliyinin göstərişinə əsasən məlumatların düzgünlüyünü araşdırmaq üçün Vergi orqanına və prokurorluğa müraciət olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 03 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - 01 may 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şəxs məxsus ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsini "xxxx"MMC-nin direktoru Şahid1 icarəyə vermişdir. - 857201 seriyalı 31 oktyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, X3 özünə məxsus bütün əmlakı idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən edilməklə bütün əqdləri bağlamaq, əqdlər üzrə əvəzinə imza etmək, müəsissə, idarə və təşkilatlarda işlər aparmağı, sənədlər qəbul edib, təqdim etməyi Şəxs etibar etmiş və etibarnamənin müddəti 31 oktyabr 2032-ci il tarixədək etibarlı olması müəyyən edilmişdir. - Xitam müqaviləsindən görünür ki, 26 aprel 2024-cü il tarixdə "xxxx" MMC-nin icarəsinə xitam verilmişdir. - RX ******* saylı Daşınmaz əmlakın Dövlət reystri xidmətinin çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış binasının hüquqi sahibləri X3 və X4r. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti X6 yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarət şöbəsinin xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlarından görünür ki, "xxxx" MMC–nin nümayəndəsi Şəxs həmin bazarın ərazisində iaşə (çayxana) obyektində müəssisənin VÖEN fəaliyyətinin dayandırılmasını əks etdirən sənədin elektron çıxarışını təqdim edərək, eləcədə etibarnamənin müddətinin bitdiyini bildirərək obyektdə уanğın-texniki müayinənin aparılmasına şərait yaratmamışdır. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 08 may 2024-cü il tarixli KY242107720 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2024 xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-də plandankənar yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. - “Yanğın texniki müayinənin aparılması haqqında” 08 may 2024-cü il tarixli, 2395 nömrəli qərardan görünür ki, "xxxx" MMC-də keçiriləcək yoxlama suallarının siyahısı təsdiq olunmuşdur. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin və şahidlərin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhər prokurorluğu inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən Şəxs barəsində İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında sübutlar tədqiq edilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plandankənar yoxlama keçirilən zaman ünvan 4 ünvanında yerləşən "xxxx" MMC fəaliyyət göstərməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, həmin ərazidə "xxxx" MMC fəaliyyətini 26 aprel 2024-cü il tarixdən dayandırmış və ərazidə icarə müqaviləsi əsasında 01 may 2024-cü il tarixdə "xxxx" MMC fəaliyyət göstərməyə başlamışdır. Həmin obyektə X6 yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin əməkdaşları plandankənar yoxlamanı (13 may 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) mülkiyyətçi ilə "xxxx" MMC-arasında müqaviləyə xitam verildikdən sonra yəni, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi dövrdə həyata keçirmiş və bu zaman onlara həmin ərazidə "xxxx" MMC-nin fəaliyyət göstərmədiyi bildirilmişdir. Bu faktı iş üzrə məhkəmədə şahid qismində dindirilmiş FHN-nin əməkdaşları təsdiq etmişlər. Bundan başqa Şəxs İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı onun vəzifəli şəxs olmasını təsdiq edən hər hansı sənəd inzibati araşdırma materiallarına əlavə edilməmiş, yalnız mülkiyyətçinin Şəxs notarial qaydada verdiyi etibarnamə iş materilarına əlavə edilərək onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsinə dair barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilməlidir ki, məhkəmə elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs məxsus VÖEN (**********) mövcüd olsa da, həmin VÖEN üzrə fəaliyyət istiqaməti başqa sahə üzrə olmuş və həmin VÖEN-nun fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud olması sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. - 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyatı olmadığından onun barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında qeyd edilən şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyatı olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 75, 84, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldim: Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar