Məhkəmə qərarları › İş №3(125)-3184/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3184/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3184/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Şəxs direktoru X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00406/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abşeron rayonu, Tərəvəzçilik, Südçülük sovxozunda (Zirə qəsəbəsi) qeydiyyatda olan “X6 Group” MMC (Vöen **********) barəsində Gəncə Gömrük İdarəsi, X1 və Təhqiqat şöbəsinə xx.xx.2024-cü il tarixli 3-33- 1600/012/002413 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu, Tərəvəzçilik, Südçülük sovxozunda (Zirə qəsəbəsi) qeydiyyatda olan “X6 Group” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 04-08/23 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, **********3737 saylı gömrük bəyannaməsi üzrə çəkisi 10125.00 kq, dəyəri 5568.75 ABŞ dolları olan “Təzə keşniş” və çəkisi 625.00 kq, dəyəri 343.75 ABŞ dolları olan “Təzə ispanaq” yükləri (Bəyannamə üzrə ümumi dəyər 5912,50 ABŞ dolları) rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. “X6 Group" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********3737 saylı gömrük bəyannaməsilə ixrac edilən yükün dəyəri 5912.50 (beş min doqquz yüz on iki dollar əlli sent) ABŞ dolları valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Abşeron rayonu, Tərəvəzçilik, Südçülük sovxozunda (Zirə qəsəbəsi) qeydiyyatda olan “X6 Group” MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2- 000900/2024 saylı məktub göndərilərək xx.xx.2024-cü tarixdə Gəncə Gömrük İdarəsi X5 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşdur. Lakin, bu günə kimi MMC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X5 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00900-00406/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsasən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş yuxarıda qeyd edilən bəyannamə üzrə yükün dəyəri olan 5912.50 (beş min doqquz yüz on iki dollar əlli sent) ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 10051.25 (on min əlli bir manat iyirmi beş qəpik) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin qeyd hissəsində: “az miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitinin 20000 (iyirmi min) manatadək olan məbləğ başa düşülür. Beləliklə də Abşeron rayonu, Tərəvəzçilik, Südçülük sovxozunda (Zirə qəsəbəsi) qeydiyyatda olan “X6 Group” MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 10051.25 manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X3 bildirdi ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********3737 nömrəli gömrük bəyannaməsinə əsasən Rusiya Federasiyasına ixrac olunmuş malların müqabilində ödənilməli olan 5912.50 (beş min doqquz yüz on iki dollar əlli sent) ABŞ dolları məbləğində vəsait xx.xx.2023-cü il tarixdə onların bank hesabına köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorunu dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarını və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00900-00406/24 nömrəli inzibati xəta haqqında protokolla İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********3737 nömrəli gömrük bəyannaməsindən görünür ki, çəkisi 10125.00 kq, dəyəri 5568.75 ABŞ dolları olan “Təzə keşniş” və çəkisi 625.00 kq, dəyəri 343.75 ABŞ dolları olan “Təzə ispanaq” yükləri (Bəyannamə üzrə ümumi dəyər 5912,50 ABŞ dolları) rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 5912.50 (beş min doqquz yüz on iki dollar əlli sent) ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş sənədlərdən, o cümlədən hüquqi şəxs tərəfindən Elektron Məhkəmə İnformasiya sisteminə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli **********3737 nömrəli gömrük bəyannaməsinə Bank VTB (Azərbaycan) ASC tərəfindən ştamp vurularaq aparılmış qeydlərdən və hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 04-08/23 nömrəli müqaviləyə əsasən “TST-TRANS” şirkətinin (Rusiya, Moskva) bank hesabından (RUB ********************; İNN**********.KPP5********) xx.xx.2023-cü il tarixli **********3737 nömrəli gömrük bəyannaməsi üzrə 5912.50 (beş min doqquz yüz on iki dollar əlli sent) ABŞ dolları məbləğində vəsait (cəmi 1100000.00 rubl) xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli, 04-08/23 nömrəli müqaviləyə əsasən “TST-TRANS” şirkətinin (Rusiya, Moskva) bank hesabından (RUB ********************; İNN**********.KPP5********) xx.xx.2023-cü il tarixli **********3737 nömrəli gömrük bəyannaməsi üzrə 5912.50 (beş min doqquz yüz on iki dollar əlli sent) ABŞ dolları məbləğində vəsait (cəmi 1100000.00 rubl) xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin müvəkkil olunmuş bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli **********3737 nömrəli gömrük bəyannaməsinə əsasən köçürülməli vəsait hüquqi şəxsin müvəkkil olunmuş bank hesabına köçürülmüşdür. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati xəta haqqında protokolda göstərilən, yəni ona istinad olunan əmələ görə təqsirsiz sayılmalıdır. Bununla da, hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında sübuta yetirilməmiş və buna görə də hüquqi şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında bütün sübutları hərtərəfli, obyektiv və tam şəkildə tədqiq edərək, o cümlədən qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 avqust 2024-cü il tarixli, 00900-00406/24 saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar