Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3195/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, X9 katibliyi, Gəncə şəhər prokurorunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə laborant vəzifəsində işləyən, Kəlbəcər rayonu, Dəmirçidamı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli qərar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə laborant vəzifəsində işlədiyi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 126 ünvanında yerləşən Gəncə şəhər 10 nömrəli tam orta məktəbin pedaqoji şurasının iclasından sonra məktəbin ingilis dili müəllimi X6 ilə sözlü mübahisə edib, daha sonra sonuncunu sinə hahiyəsindən itələyib ona qəsdən sağ körpücük nahiyəsinin sıyrığı – dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüş, bununla da Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhər prokurorunun nümayəndəsi X4 qərarın məzmununa uyğun ifadə verərək Şəxs barəsində inzibati tənbeh tətbiq olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, hadisə baş verən gün Flora ilə aralarında sözlü mübahisə yaranmış və Flora onunla kobud danışaraq “səsini kəs küçə qızı” gör sənin “başına nə oyun açacam” ifadələrini işlətmişdir. İfadəsinin sonunda o, X5 itələmədiyini və hadisəni görən Mələk və Arzunun adlı şəxslərin bunu təsdiq edəcəyini bildirərək, onların şahid qismində dindirilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 çıxışında bildirdi ki, Tünzalə ilə aralarında mübahisə yaranmış bu zaman Şəxs ona agressiv formada davranmış və kobud səslə söz atmışdır. Bu zaman isə o, Tünzaləyə “özünü küçə qızı kimi aparma” demiş, Tünzalə isə daha da agressivləşərək onun üzərinə gələrək möhkəm sinəsindən vuraraq onu itələmişdir. O, bildirmişdir ki, hadisə nəticəsində sinəsinin sağ tərəfindən xəsarət almışdır. İfadəsinin sonunda o, məktəbdə kollektiv içində rüsvay olmasını qeyd etmiş və Şəxs ondan kollektiv qarşısında üzr istəyəcəyi təqdirdə onunla barışmağa hazır olduğunu, əks halda isə onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında hadisəni görmüş şahid X2 ilə telefon əlaqəsi saxlanılmışdır. O, Şəxs ilə Ə.Flora arasında mübahisə yarandığını təsdiq etmiş və bildirmişdir ki, Tünzalə Floranı itələmək istəyərkən məktəbin direktoru Arzu xanım aralarına girərək onları ayırmış və mübahisə nəticəsində Flora heç bir xəsarət almamışdır. Məhkəmə iclasında Arzu xanım ilə telefon əlaqəsi saxlanılmış və o, Şəxs ilə Ə.Flora arasında mübahisə yarandığını zaman Tünzalə ilə Floranın arasına girərək onları ayırdığını bildirmişdir. Həmçinin o, hadisə zamanı Floranın heç bir xəsarət almadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış 24-3-2-2-415-0488-2 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE VƏ PAB PHŞ-in 19 avqust 2024-cü il tarixli 1144 saylı ekspert rəyindən məlum olur ki, Vət. X3 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ körpücük nahiyəsində dəri səthində aypara formalı piqmentasiya sahəsi aşkar edildi. Bu piqmentasiya sahəsi – KÜT əşyanın təsiri nəticəsində xx.xx.2024-cü il tarixdə əmələ gəlmiş, sıyrığın sağalmasından sonra qalan iz ola bilər. Sıyrıq sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilir və ona görə dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qadın olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3195/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3195/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver