Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3199/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12 avqust 1989-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Şəxs idarə etdiyi “Kamaz 5320 yatacaqlı” yük markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi halına (hallarına) yol vermiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-3199/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-3199/2024 saylı qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək yenidən araşdırılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, O, Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 3(125)- 3199/2024 nömrəli qərarı ilə qətiyyən razı deyil. Onun tərəfindən həmin inzibati xəta törədilməmişdir. Belə ki, o, Yevlax rayonu Balçılı kəndində yaşayır. Ot alveri ilə məşğuldur. Adətən Yevlax rayonu ərazisində ot alaraq aparıb Gəncə ot bazarında satır. Onun özünə məxsus olan “Kamaz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır (bu hazırda mübahisə edilən “Kamaz” deyil, onun özününküdür). 31 avqust 2024-cü il tarixdə həmin özünə məxsus olan “Kamazla” Yevlaxdan ot yükləyərək Gəncə ot bazarına getmişdir. Qərarda göstərilən “Kamaz” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxından-uzaqdan ona heç bir aidiyyəti yoxdur. Həmin “Kamaz” İlkin adlı tanışlarına məxsusdur. O da onlar kimi ot alveri edir. Yevlaxdan ot yığaraq Gəncə ot bazarına apararaq satır. Həmin gün (hadisə vaxtı) o, ot bazarında idi. Orada dedilər ki, Yevlaxlı İlkin öz “Kamaz”ını (**-BA-***) bazarın yolunda saxlayaraq (“Kamaz” işlək vəziyyətdə) içində yatmışdır. Onlar da (o və digər yoldaşlar) ora getmişlər ki, görsünlər nə baş verir. Çatanda görmüşlər ki, “Kamaz” işlək vəziyyətdə yolun ortasında saxlanılıb, İlkin də içində yatıbdır. İlkin içikili vəziyyətdə idi. Ona görə də “Kamaz”ın arxa tərəfində (yatmaq üçün nəzərdə tutulan yerdə) yatmışdır. Bundan sonra o, sükan arxasına deyil, sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuş, İlkinin tanışı olan başqa bir şəxs isə sükan arxasına əyləşmişdir. Məqsədləri “Kamaz”ı yoldan çıxardaraq bazar ərazisinə aparmaq idi. Bu zaman yol polis əməkdaşları gəlmiş və “Kamaz”ı saxlamışlar. Söhbət zamanı həmin sükan arxasında əyləşən şəxs (İlkin onu yaxşı tanıyır) oradan qaçmışdır (hava qaranlıq idi). Polis əməkdaşları uzun söhbətdən sonra onu və İlkini şöbəyə aparmışlar. Bir gün saxladıqdan sonra onları buraxmışlar. Belə bir protokolun (qərarın) yazılması barədə də polis əməkdaşları ona heç bir məlumat verməmişlər. Onun bu protokoldan xəbəri olmamışdır. Təkrar edir ki, həmin “Kamaz”ın ona aidiyyəti yoxdur. “Kamaz”ın sahibi İlkindir. Həmin “Kamaz” nə onun adına deyil, nə də onun həmin “Kamaz”ı sürmək üçün etibarnaməsi yoxdur. O, heç vaxt, xüsusilə də həmin gün həmin “Kamaz”ın sükanı arxasına oturmamışdır. “Kamaz” İlkinindir, “Kamaz”ın nömrəsinin üstünü kimin örtməsini də bilmir. Bildirir ki, Yevlax şəhərindən Gəncə şəhərinə qədər onlarla müşahidə kameraları vardır. Həmin kameraların həmin günə aid video görüntüləri əldə olunaraq araşdırılsa, görünər ki, “Kamaz”ı Yevlaxdən Gəncəyə qədər o, deyil, İlkin və ya onun tanışı sürmüşdür. Həmçinin konkret olaraq yol polis əməkdaşlarının “Kamaz”ı saxladaraq onları tutduqları yerdə də müşahidə kamerası vardır. Həmin kameranın da görüntüsü əldə olunsa, görünər ki, sükan arxasına o deyil, başqa şəxs keçmişdir. Ona görədə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 342.9-cu maddəsinin tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında Şəxs tərəfindən İXM-in 342.9- cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən görüntülər də mövcud deyildir. Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis baş serjantı X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və Şəxs inzibati xəta törətməsini təsdiq edən video görüntüləri, eləcə də “KAMAZ 5320” yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Şəxs aidiyyətini, həmçinin həmin nəqliyyat vasitəsinin kimə məxsus olmasını təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş “KAMAZ 5320” yük markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin görüntüsü olan fotoşəkil Şəxs inzibati xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmək üçün yetərli deyildir. Belə ki, İXM-nin 342.9-cu maddəsində göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 01 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə. qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3199/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3199/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver