Məhkəmə qərarları › İş №3(125)-3215/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3215/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3215/2025 04.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Umud oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər BPİ-nin X12 Şöbəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər BPİ-nin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan VAZ 2121 (NİVA) **-XC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman Gəncə şəhər Dövlət Yol X3 tərəfindən ona saxla əmri verilmiş və o, avtomobilini saxladıqdan sonra polis X8 ona yaxınlaşaraq onun avtomobilinə quraşdırdığı ön fənərlərin guya qanunsuz olduğunu dedi və avtomobilini cərimə meydançasına sürməsini tələb etdi. O, öz növbəsində polis X6 avtomobilinə quraşdırdığı ön fənərlərin qanuna uyğun olduğunu bildirməsinə baxmayaraq, ondan israrla və kobud şəkildə tez cərimə meydançasına getməsini tələb etdi. O, irad olaraq bildirdi ki, onun etdiyi bu hərəkətlər qanuna ziddir belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xəta haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Lakin polis X8 heç bir sübutu olmadan yalnız öz müstəqil fikri ilə və heç bir avadanlıqdan istifadə etmədən onun quraşdırdığı ön fənərlərin qanunsuz olduğunu bildirdi. O, polis əməkdaşının belə kobud rəftarını görərək ondan əgər qayda pozmuşdursa protokolun tərtib etməsini və cərimə yazmasını tələb etdi və cərimə meydançasına getməsinə ehtiyac olmadığını bildirdi, çünki onun avtomobilinin yük hissəsində istehsalçı zavod quraşdırdığı ön fənərlər var idi və o, həmin fənərləri avtomobilinin üzərində olan tuninq fənərlərlə dəyişə biləcəyini və bu prosesin cəmi 5 dəqiqə vaxt aparacağını bildirdi, lakin o, israrla cərimə meydançasına getməli və orada protokolun yazılacağını fənərləri də orda dəyişməli olduğunu dedi. O, video ilə çəkiliş etmək istədiyini və polisin bu cür qanunsuz əməllərinə görə məhkəməyə şikayət ərizəsi verəcəyini bildirdi və video çəkilişdə öz avtomobilinin ön fənərlərini çəkmək və məhkəməyə sübut kimi təqdim etmək istədiyi halda, o bunu etməsinə icazə vermədi və dəfələrlə əmrə tabesizlik etdiyini iddia elədi və əlavə post patrul çağıracağı ilə hədələdi. O, məcbur qalaraq avtomobilini cərimə meydançasına sürdü və orda avtomobilinin video çəklişini etdi. Gəncə səhəri DYPŞ tərəfindən ona İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən İXM-nin 342.2.2-ci (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) maddəsi ilə 150 manat cərimə tətbiq olundu və o, protokolla Gəncə şəhəri DYPŞ otağında olarkən tanış oldu və protokola öz qeydini apararaq imzaladı. Daha sonra avtomobil hər gün cərimə meydançasında qaldığına görə əlavə pul ödənişi etməmək üçün avtomobilinin ön fənərlərini avtomobili yük hissəsində saxladığı istehsalçının quraşdırdığı ön fənərlərlə dəyişərək avtomobilini cərimə meydançasından çıxardı. Onun avtomobilinə quraşdırdığı ön fənərlərin üzərində DOT SAE E9 işarələnməsi mövcuddur və burada DOT Departament of Transportation (ABS Nəqliyyat Nazirliyi) SAE Society of Automotive Engineers (Avtomobil mühəndis cəmiyyəti) E9 ECE (Economoc Commission for Europe) mənasını daşıyır. Onun avtomobilinə quraşdırdığı ön fənərlərin hansısa standartlarla zidd olmaması və eləcə də bütün normativ tələblərə cavab verməsi sübut edir ki, bu fənərlər tam olaraq qanunidir və bu fənərlərə görə heç bir cərimə mövcud deyildir. Onun saxlanıldığı zaman polis əməkdaşı X6 yuxarıda qeyd etdiyi qaydaları izah etmək istəməsinə baxmayaraq, Anar Babayev onun sözlərinə qulaq asmaması və səs tonunun qaldıraraq “Yaxşi Edirəm” ifadəsini demişdir və bütün bu danışıqlar onun üzərində olan səs yazma cihazına qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə) barəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİ-nin X12 Şöbəsinin üzərinə qoyulsa da, xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları (normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair mütəxəssis rəyi, foto-şəkil, video-görüntü və s.) da məhkəməyə təqdim etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar