Məhkəmə qərarları › İş №3(125)-3222/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3222/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3222/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Elnur Namazovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin sahə rəisi, polis baş leytenantı Namazov Elnur tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 09 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Kofe AS” adlanan yerdə polislərə qarşı ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin sahə rəisi, polis baş leytenantı Namazov Elnur protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 08 sentyabr 2024-cü il tarixdə saat 22:50 radələrində “Kofe AS” adlanan yerdə plislərə qarşı ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, 08 sentyabr 2024-cü il tarixdə saat 22:00 radələrində “Kokerec” kafesində dostları ilə oturmuşdur. Kofenin sahibi Azərlə aralarında mübahisə baş vermiş, onlar birbirlərinə söyüş söymüşlər, daha sonra polislər gəlmiş onları şöbəyə aparmışlar. Həmin günü çox içkili olmuşdur. Özünü təqsirli bilir və hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil izahat verərək, barəsində icraat aparılan şəxs Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid polis serjantı Heydərov İbrahim bildirdi ki, həmin günü o da iş yoldaşı ilə birlikdə kafedə olmuş, çöldə səs-küy eşitmişlər. Çölə çıxdıqda iki nəfərin dalaşdığını görmüşlər və onları nizam-intizama dəvət etmişlər. Şəxs onlara qarşı nalayiq ifadələr işlədərək onların qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, vəkilin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Şəxs barəsində tərtib edilmiş 09 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22: 50 radələrində “Kofe As” adlanan yerdə 2 nəfər şəxs mübahisə edərək bir-birlərinə söyüş söymüşlər, təhqiramiz ifadələr işlətmişlər. Şəxs polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilmiş, lakin polislərə qarşı nalayiq ifadələr işlədərk polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğli 08 sentyabr 2024-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onların qanuni tələbinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş 3171/2024 nomrəli 08 sentyabr 2024-cü il tarixli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Beləliklə, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs polislər vəzifə borcunu icra edərkən onlara qəsdən maneçilik törətmiş, onların qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs etdiyi əməldən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzəə alınmalıdır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, eyni inda iki inzibati xətanı törətməsini, ağırlaşdırıcı halın olmasını və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar