Məhkəmə qərarları › İş №3(125)-323/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-323/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-323/2024 01.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X4 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00020/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Gürcüstan Respublikasından QQ011QB/PP010B nömrə nişanlı nəqliyyat vasitəsilə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Tırtıllı Ekskavator” yükü xx.xx.2023-cü il tarixli **********3046 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə X5 (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Gəncə Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına QQ011QB/PP010B nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamış və oununlada gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00900-00020/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 idxal olunan “Tırtıllı Ekskavator" yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin daşıyıcı şirkətin yükə dair sənədləri vaxtında MMC-yə məlumat verməməyi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda nzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Beləliklə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Bununla şirkət İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-nin nümayəndəsi məhkəməyə elektron məktub ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cüil tarixli “cərimə tətbiq ediləcək mallara dair” Öhdəlik sənədindən görünür ki, Şəxs MMC-nin nümayəndəsi X1 qısa idxal bəyannaməsinin təqdim edilməməsinə görə tətbiq ediləcək cəriməni ödəməyi MMC-nin öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli **********3046 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına “Tırtıllı Ekskavator” yükü yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına “Tırtıllı Ekskavator” yükü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC-nin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar