Məhkəmə qərarları › İş №3(125)-3231/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3231/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3231/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Dövlət X10 Yol patrul xidməti inspektoru, polis serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 343-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 02:08 radələrində **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Niva” markalı minik avtomobilini idarə edən zaman Şəxs Azərbaycan Respublikası İXM-in 329.3-cü və 343-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tualetdə polislər tərəfindən döyüldüyünü və təhqirə məruz qalmasını bildirmişdir. O, hadisə günü az miqdarda spirtli içki qəbul etməsini etiraf etmiş, lakin tibbi müayinədən imtina etmədiyini, ümumiyyətlə onu hər hansı formada müayinə etmədiklərini bildirərək polislərin onunla qərəzli münasibətdə olmasını qeyd etmişdir. O, həmçinin alkotestrdən imtina etməsi ilə bağlı hər hansı sübutun olmadığını bildirərək məhkəmədən qərar qəbul edərkən himayəsində iki uşağının və ailəyə baxan yeganə şəxs olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X7 protokolun məzmununa uyğun çıxış edərək barəsində icraat aparılan şəxs Şəxs içkili vəziyyətdə avtomobil idarə edərkən saxlanıldığını və alkoqoldan istifadə etməsində şühbəli olması səbəbindən onu alkotesrdən keçirmək istəyərkən sonuncunun alkotestr müayinəsindən boyun qaçırdığını bildirmişdir. Buna görə də müayinənin aparılması üçün polis şöbəsinə həkim dəvət olunmuşdur. Bundan sonra R. Nağıyev polislərin ünvanına söyüşlər söymüş və həkim müayinəsindən yenidən imtina etmişdir. Daha sonra o, hadisə vaxtı Şəxs iki bakal pivə içməsini etiraf etməsi barədə videogörüntüləri məhkəməyə təqdim etmiş və onun barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Yunis Bakir oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şəxs alkoqoldan istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Gəncə şəhər Narkoloji Dispanserin həkimi X2 ifadəsində bildirmişdir ki, o, əvvəllər barəsində icraat aparılan şəxs Şəxs tanımamışdır. Daha sonra o, qeyd etmişdir ki, alkoqoldan istifadə etmə nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün polis şöbəsinə dəvət olunmuş və sonradan adını bildiyi Şəxs alkoqol müayinəsindən keçməyə dəvət etsə da, sonuncu tibbi müayinədən imtina etmişdir. - xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Şəxs alkoqol sərxoşluq müayinəsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 yol patrul xidmətinin inspektoru polis serjantı X7 tərəfindən haqlı olaraq Şəxs barəsində protokol tərtib olunsa da, protokol düzgün tərtib olunmayaraq Şəxs İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X7 Şəxs İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi barədə protokol tərtib edilməsində yanlışlığa yol verdiyini etiraf etmiş və bu səbəbdən də barəsində icraat aparılan şəxs Şəxs İXM-nin 343-1.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 343.1-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etmişdir. İş materiallarından və məhkəmə iclasında protokolu tərtib etmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, barəsində icraat aparılan şəxs Şəxs alkoqoldan istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməli Azərbaycan Respublikası İXM-in 343-1.1-ci maddəsinin deyil, həmin Məcəllənin 343.1-ci maddəsinin tərkibini yaradır. Bu da əməlin İXM-nin 343-1.1-ci maddəsindən həmin Məcəllənin 343.1-ci maddəsinə tövsif edilməsini zəruri edir. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında qanunvericlikdə inizibati xətaların tövsif edilməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmamışdır. Odur ki, inzibati xəta haqqında işlərə baxılarkən törədilmiş inzibati xətanın İXM-in bir maddəsindən başqa maddəsinə, o cümlədən daha yüngül məsuliyyət nəzərdə tutulan maddəsinə tövsif edilməsinin mümkün olub-olmaması məsələsi mübahisə doğurur. Bu vəziyyətdən çıxış imkanları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun da baxış predmeti olmuş, Plenum qeyd edilən məsələyə müəyyən dərəcədə aydınlıq gətirmişdir. Belə ki, “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 381.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qanunun analogiyası üzrə CPM-in 318.1-ci maddəsinin müddəalarını hazırkı işdə tətbiq edilməklə Şəxs əməlinin İXM-in 343-1.1-ci maddəsindən həmin Məcəllənin 343.1-ci maddəsinə tövsif edilməsini mümkün hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-in 343.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar