Məhkəmə qərarları › İş №3(125)-326/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-326/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-326/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və onun müdafiəçisi X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 4-cü polis bölməsinin sahə rəisi X8 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X11 xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Gəncə ŞBPİ 4-cü polis bölməsində barəsinə aparılan araşdırma ilə əlaqədar izahatının alınması prosesində nalayiq ifadələr işlədərək iş rejimini pozmuş və polisin qanuni tələbinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 4-cü polis bölməsinin sahə rəisi X8 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, X11 barəsində X14 adlı şəxs tərəfindən şikayət daxil olduğu üçün xx.xx.2023-cü il tarixdə X2 ŞBPİ 4-cü polis bölməsinə dəvət olunmuşdur. X11 materialın icrası ilə əlaqədar Gəncə ŞBPİ 4-cü polis bölməsinədə polis əməkdaşının xidməti otağında qəbul olunmuş və söhbət zamanı o, X7 Aslanova ilə ailə qurmasına icazə verməməsi, ondan şikayət etməsi səbəbi ilə əsəbləşərək uca səslə qışqıraraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşı ona irad bildirib nizam-intizama dəvət edən zaman isə o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəhriyar Nəsiri İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 özünü inzibati xətaların törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki ildir ki, X10 ilə sevgili münasibətində olmuş, onunla ailə qurmaq istəmiş, lakin Nargülün ailəsi bu evliliyə qarşı olmuşdur. Onun valideynləri dəfələrlə Nargülgilin evinə elçi kimi getsə də, Nargülün atası Səfa qapını açmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, hansı səbəbdən onun valideyinlərini elçi kimi qəbul etməməyinin səbəbini öyrənmək üçün Nargülün yaşadığı ünvana getmiş, orada həm Nargülün, həm öz atasının alçaq adam olduğunu anasına bildirmişdir. O, yüksək səslə danışıb səsini qonşuların və Nargülün eşitməsini, qarşılaşdığı haqsıqlığı hamının görməsini istəmişdir. Daha sonra binaya Səfanın şikayəti əsasında polis əməkdaşlarının gəldiyini görəndə o, daha da əsəbləşərək bu işin bu yerdə qalmayacağını demişdir. Daha sonra polis bölməsində ona Nargülün evinə yaxın getməməyi barədə iltizama imza etməsini istəmişlər, həmin vaxt o, yenidən əsəbləşərək mübahisə etmişdir. Sonda o, əməlindən peşman olduğunu, həyacanlı və əsəbi olduğu üçün səs-küy saldığını bildirmiş və barəsində yüngül, cərimə tənbehi verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, X11 həmin gün saat 20:50-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla X6 inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X6 polis bölməsində ucadan səs-küy salaraq ictimai qaydanı və polisin iş rejimini pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi və barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. X11 eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X6 əməlindən peşman olmasını və əməlini etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında X6 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X9 İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə görə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 göstərilmiş 3 saat hüquqi yardıma görə müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 1 saatı 6 manat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 18 (on səkkiz) manat məbləğində pul ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar