Məhkəmə qərarları › İş №3(125)-3263/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3263/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3263/2023 22.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə İran İslam Respublikasının Xorasan vilayətində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi 27 fevral 2020-ci il tarixli 2(044)-217/2020 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs 16 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilsin. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu izahatında borcunun olmadığını qeyd etmişdir. Borclu Şəxs oğlu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da, borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, zərəçəkmişə bank kartı təqdim etmiş, hər ay həmin karta aliment pulu ödəyəcəyi barədə zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Sonda o barəsində olan iş üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, borclu Şəxs ona bank kartı təqdim etmiş və hər ay həmin karta aliment pulunu ödəyəcəyi barədə aralarında razılığa gəlmişlər. Sonda o, Talıpdan şikayətçi olmadığını məhkəmədən Şəxs barəsində inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Gəncə şəhəri Nizami Ryaon Məhkəməsinin 2(044)-217/2020 saylı, 27 fevral 2020ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq Şəxs 16 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 11 oktyabr 2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərarlar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, borcunu ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb edilcəyinə dair xəbərdarlıq borcluya təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş X4 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmişə barəsində icraat aparılan şəxs tərəfindən ödəniş üçün kart verilmiş və o barəsində icraat aparılan şəxslə razılaşmış, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, icraat zamanı tərəflər öz aralarında razılığa gəlmiş, zərərçəkmiş şəxs bu barədə ərizə təqdim etmiş, barəsindən icraat aparılan şəxs zərərçəkmiş şəxsə borcun ödənişi ilə bağlı bank kartı təqdim etmiş, hər ay ödənişi həmin karta ödəyəcəyi ilə bağlı razılıq əldə olunmuşdur. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməllərində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar