Məhkəmə qərarları › İş №3(125)-3274/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3274/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3274/2024 11.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis X1rşısında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və verilmiş analiz nəticələrinə əsasən sidiyində psixotrop maddə olan AMP istifadə etməsi aşkar edilmişdir. Bununla da o, İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis X1rşısında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və verilmiş analiz nəticələrinə əsasən sidiyində psixotrop maddə olan AMP istifadə etməsi aşkar edilmişdir. Bununla da o, İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının dəvəti əsasında izahat vermək üçün Gəncə şəhər 2-ci Polis Şöbəsinə yaxınlaşmış, ailə münasibətləri yaxşı olmadığından həmin vaxt əsəbi olmuş, orada səs-küy salmış, amma polis əməkdaşlarına tabesizlik və ya kobudluq göstərməmişdir. Bir sözlə həmin vaxt polisin qanuni tələbinə tabe olmuşdur. O, Vətən Müharibəsi iştirakçısıdır, müharibə vaxtı ciddi sarsıntılar keçirmiş və hazırda da bunula bağlı müalicə olunmaq üçün müxtəlif növ dərmanlar qəbul edir. Bu səbəbdən psixotrop maddə istifadə edib-etməməsi barədə heç nə xatırlamır. Hazırda törətdiyi əməldən peşmandır, vətən müharibəsi iştirakçısıdır, Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 206, 510, 535-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 10 sentyabr 2024-cü il tarixli, 3202/2024 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyində AMP aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli 1527 nömrəli rəydən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli 121140 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi (Şəxs) müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş AO seriyalı, ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır və Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi” iştirakçısı medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş İ-2261 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-36424 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələri ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün subutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs İXM-nin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə tövsif edilmişdir, buna görə də Şəxs İXM-in 206 və 510-cu maddələri ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalları ilə təltif edilməsini, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar